image-reklam-veteninfo
image-thumbs_b_c_0d394cc20e5a2244e6440f17eb1207cfbackend

Paşinyan: Ermənistan üçün çətin günlərdə bizi təbiət xilas etdi

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ağır iqtisadi və sosial vəziyyətlə üzləşdiyi dövrlərdə təbii sərvətlərin əhalinin sağ qalmasında mühüm rol oynadığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən “Təbiət naminə liderlər” sammitində açılış nitqi zamanı danışıb. Məlumatı “Armenpress” yayıb.

Baş nazir qeyd edib ki, Ermənistanın təbiət qarşısında xüsusi məsuliyyəti var. Onun sözlərinə görə, 1990-cı illərdə ölkənin blokadada olması, elektrik enerjisi, qaz və kömür çatışmazlığı meşələrin kütləvi şəkildə qırılmasına səbəb olub.

Paşinyan bildirib ki, həmin dövrdə insanlar evlərini əsasən odunla qızdırır, meşə ehtiyatlarından geniş şəkildə istifadə edirdilər. Nəticədə Ermənistanda minlərlə hektar meşə və yaşıllıq sahəsi məhv edilib, brakonyerlik geniş yayılıb və ölkənin biomüxtəlifliyinə ciddi ziyan dəyib.

Baş nazir oxşar vəziyyətin Sevan gölündə də yaşandığını vurğulayıb. O qeyd edib ki, 1990-cı illərin əvvəllərində ərzaq qıtlığı ilə üzləşən Ermənistan əhalisinin qida təminatında gölün balıq ehtiyatları mühüm rol oynayıb.

Paşinyanın sözlərinə görə, 2018-ci ildə baş nazir olduqdan sonra verdiyi ilk tapşırıqlardan biri qanunsuz meşə qırılmasının qarşısının alınması ilə bağlı olub.

O, doğulduğu Tavuş bölgəsində qanunsuz ağac kəsilməsinə qarşı tədbirlərin narazılıqla qarşılandığını xatırladıb. Baş nazir bildirib ki, sonradan həmin fəaliyyətlə məşğul olan insanların bir qismi turizm sahəsinə yönəlib, ağac daşımaq üçün istifadə edilən nəqliyyat vasitələri turistlərin meşələrə və dağlara aparılmasına xidmət etməyə başlayıb.

**Paşinyan biomüxtəlifliyin qorunması sahəsində əldə olunan nəticələrdən də danışıb.** O bildirib ki, son 10 ildə Sevan gölündə ağbalığın ümumi ehtiyatı 10 dəfədən çox artaraq 4 500 tondan artıq səviyyəyə çatıb.

Baş nazir, həmçinin Qafqaz bəbirinin qorunması istiqamətində görülən işlərə toxunub. Onun sözlərinə görə, hazırda Ermənistanda təxminən 6-7 bəbirin olduğu ehtimal edilir və 2024-cü ildə iki bala bəbir də qeydə alınıb.

Paşinyan Ermənistanın “Təbiət naminə liderlər” sammitinə və BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasına (COP17) ev sahibliyi etməsini böyük şərəf adlandırıb. O, tədbirlərin planetin biomüxtəlifliyinin qorunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək COP17 konfransında dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə biomüxtəlifliyin qorunması sahəsində əldə olunan nəticələrin qiymətləndirilməsi və gələcək birgə tədbirlərin müzakirəsi nəzərdə tutulur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki