image-reklam-veteninfo
image-1backend

Paşinyanın SENSASİON BƏYANATINA REAKSİYA

image-reklam-veteninfo

Ermənistan parlamenti avqustun 24-də Nikol Paşinyan hökumətinin 2026–2031-ci illəri əhatə edən fəaliyyət proqramının müzakirəsinə başlayıb. Beşillik sənəd İrəvanın yalnız daxili inkişaf hədəflərini deyil, Azərbaycanla münasibətlərinin gələcəyini, Türkiyə ilə sərhədin açılmasını və Ermənistanın Rusiya–Qərb qarşıdurmasında hansı istiqamətə yönələcəyini də müəyyənləşdirir.

85 səhifəlik proqramda Azərbaycanla mövcud vəziyyət artıq “münaqişə” deyil, “qurulmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması” kimi təqdim olunur. Paşinyan hökuməti qarşıdakı beş ildə Azərbaycanla sülh və dövlətlərarası münasibətlər haqqında sazişin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiya və demarkasiyasının davam etdirilməsi, iki ölkənin vətəndaş cəmiyyətləri və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, habelə ikitərəfli ticarətin başlanması üzərində işləyəcəyini bəyan edir. Proqramda anklavların taleyi ayrıca və konkret adlarla göstərilmir; məsələ ümumi delimitasiya və demarkasiya prosesi çərçivəsində saxlanılır. Yeni konstitusiyanın qəbulu Paşinyanın seçki öhdəliyi kimi qüvvədə qalsa da, bunun Azərbaycanla sülh sazişinin imzalanmasına mane olan ərazi iddialarının aradan qaldırılması ilə necə əlaqələndiriləcəyi parlament müzakirələrinin əsas suallarından biri olacaq.

Beləliklə, Paşinyan hökuməti Azərbaycanla sülhü qarşıdakı beş ilin strateji dayağı kimi təqdim edir. Lakin sənəddə anklavlar, konstitusiyadakı ərazi iddiaları, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun gələcəyi və ordunun silahlandırılmasının real miqyası barədə açıq qalan məqamlar az deyil.

Bu gün parlamentdə çıxışında isə Nikol Paşinyan bəyan edib ki, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Paşinyan yeni konstitusiyanın mətninin yaxın aylarda dərc ediləcəyini və yeni konstitusiyada 1990-cı il İstiqlal Bəyannaməsinə istinad edilməyəcəyini açıqlayıb. Deyib ki, Qarabağ hərəkatını davam etdirməmək, ona son qoymaq qərarını elan edib və xalq bu qərarı təsdiqləyib.

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov  bildirib ki, Paşinyan hökuməti Azərbaycanla və Türkiyə ilə normal münasibətlər qurmaq, sülh şəraitində yaşamaq istəyir:

“Nikol Paşinyan elan etdiyi 4-cü respublika sülh məntiqi ilə hərəkət etməlidir deyir və əks halda Ermənistan dövlətinin yaşaya bilməyəcəyini etiraf edir. Mən hesab edirəm ki, bu bəyanatlarda Ermənistanın baş naziri səmimidir. Bu da reallıqlardan irəli gələn səmimiyyətdir. Paşinyan dərk edir ki, bundan sonra başqa cür davranmaq Ermənistanın sonu deməkdir. Bundan əvvəlki hakimiyyətlər, o cümlədən Paşinyanın özü ilk dövrdə konflikt məntiqinə üstünlük verirdi. Çünki arxasında Rusiyanın durduğunu bilirdi və yaxud güman edirdi. Məlumdur ki, Azərbaycan torpaqlarının 1990-cı illərdə işğalında həlledici rolu Rusiya oynadı. Eyni zamanda 44 günlük müharibə başlayanda da Paşinyan güman edirdi ki, KTMT-nin üzvü kimi Rusiya hərbi əməliyyatlarda Ermənistana aktiv dəstək verəcək. Ancaq gözlədiyi olmadı. Artıq Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmaq xətti tutub. Rusiyadan uzaqlaşmaq xətti əvvəlki siyasəti davam etdirməyi mümkünsüz edir. Çünki Rusiya olmadan Ermənistan özündən həm iqtisadi, həm də hərbi cəhətdən dəfələrlə güclü olan Azərbaycan və onun müttəfiqləri ilə heç nə edə bilməz. Bu, həqiqətən də Ermənistanın məhvinə gətirib çıxara bilər. Ona görə də Rusiyadan uzaqlaşmaq konflikt məntiqindən uzaqlaşmaqdır. Qərbə yaxınlaşmaq xəttini tutan Ermənistanın başqa cür siyasət yeritmək şansı yoxdur. O, Azərbaycanla, Türkiyə ilə əməkdaşlıq yoluyla getməlidir, ərazi iddialarından imtina etməlidir, anklavlar məsələsi də həll olunmalıdır”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki