“COVID-19” pandemiyasından əvvəl yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən biri vaksinasiyadır. İnsanların diqqətini bu vacib məsələyə yönəltmək üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) aidiyyatı mövzuda indiyədək ümumilikdə açıq məkandakı 458 reklam qurğusunda sosial reklamların yayımını təmin edib. Bu reklamlar əsasən insanların sıx olduğu ərazilərdəki monitor, bilbord, roller, köşklər və digər reklam daşıyıcılarında yayımlanır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə həyata keçirdiyi vaksinasiya üçün təbliğat kampaniyasına görə nəzərdə tutulan açıq məkan reklamlarında əsas mesaj ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki – darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Peyvəndlənməni təbliğ edən sosial reklamların açıq məkanda yayımı hazırda da davam etdirilir.
İmmunoloqlar peyvəndin gələcəkdə insan səhhətində hansısa fəsadlar yaradacağı barədə iddiaların tamamilə əsassız olduğunu, yalnız peyvənd vurulan gün yüngül reaksiyaların müşahidə edildiyini bildiriblər. Onlar vurğulayıblar ki, peyvənd olunan şəxslər koronavirusa yoluxsa da, çox yüngül keçirirlər.
Bir məsələyə də diqqət edilməlidir ki, indi xəstəliyin növbəti dalğası yaşanır və təbii ki, peyvənd olunmaq istəyənlərin də sayı artıb. Pandemiyanın ilk dövrlərində koronavirus, peyvəndlər haqqında müəyyən şayiə yayılmışdısa, indi xəstəliyin olmamasına və peyvəndin qoruyucu gücünə şübhə edənlərə çox az rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, COVID–19-a qarşı peyvəndlərin faydası onların mümkün yan təsirləri ilə bağlı risklərdən dəfələrlə üstündür. Buna görə o da vaksinasiyanı sürətləndirməyə çağırıb.
Qeyd olunmalıdır ki, pandemiya təkcə sağlamlıq məsələsi deyil. O, həmçinin sosial həyat, iqtisadiyyat, psixologiya və digər müxtəlif sahələrə ciddi təsir göstərir. Azərbaycanda COVID–19-la mübarizə müxtəlif formalarda və müxtəlif metodlarla aparılır. Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və koronavirusa qarşı 1 milyon 250 minə yaxın peyvənd vurulub. Bu, kollektiv immunitetə gedən yolu xeyli qısaldır.
Əminliklə demək olar ki, vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, vətəndaşları narahat edən ciddi sərtləşdirmələr və qadağalara ehtiyac qalmayacaq.
Musayeva Zinaida
Təhsil işçisi