Onun sözlərinə görə, azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq və yenidənqurma işləri həm də əlavə olaraq minlərlə yeni iş yerlərinin yaranması ilə müşaiyət olunur: “Görülən bütün tədbirlərin ən vacib nəticəsi isə ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda salınan “ağıllı kənd” və “ağıllı şəhərlərimizdə” uzun müddət doğma torpaq həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərimiz yaşayacaq. Prezident İlham Əliyev Füzuliyə qayıtmış sakinlərlə görüşündə vurğuladı ki, onların qayıdışı üçün yerinə yetirilən layihələr yüksək ixtisaslı mütəxəssislər tərəfindən hazırlanıb və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir”.
Deputat sözlərinə davam edərək bildirib ki, Böyük Qayıdış layihəsinin ən yüksək səviyyədə həyata keçirilməsinin hər bir mərhələsi ölkə başçısının şəxsi nəzarəti altında baş verir: “Bütün bunlar Azərbaycan dövlətinin erməni təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımıza həssas yanaşmasının və qayğısının təzahürüdür. Azərbaycan Prezidentinin məqsədi mümkün qədər tez bir zamanda bütün vətəndaşlarımızın öz evlərinə qayıda bilməsini təmin etmək, eyni zamanda Azərbaycanın öz torpaqlarına necə sahib çıxmasını və bu əraziləri necə abadlaşdırılmasını bütün dünyaya nümayiş etdirməkdir. İndiyədək qarşıya qoyulan bütün məqsədlərə çatıldığı kimi dövlətimizin bu məqsədinə də tezliklə nail olacağına heç bir şübhə yoxdur”.