image-qenirebackend

PREZİDENTİN ŞUŞA MÜRACİƏTİ

image-reklam_sirab_01

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

10 may 2023-cü ildə – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam oldu. Qürurla qeyd etdiyimiz əlamətdar yubiley ilboyu müxtəlif elmi, mədəni, ictimai-siyasi və digər kateqoriyadan olan tədbirlərlə davam edəcək. Bu il Azərbaycan Respublikasında “Heydər Əliyev İli”dir; Heydər Əliyev adına, irsinə müraciətimiz, sevgimiz və sayğımız bir ilə sığmır – o böyük ad xalqımız yaşadıqca yaşayacaqdır! Azərbaycan adı da, bir ömrə sığmayan ömür yaşamış Heydər Əliyevin adı da əbədidir!

Bəli, Azərbaycan xalqı Ulu Öndərin 100 illik əlamətdar yubileyini qeyd edir. “İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır”. Öz böyük oğlunu və liderini heç vaxt unutmayan qədirbilən xalqın aydınları, ümumən vətəndaşlarımız bu il daha məsuliyyətli, daha hesabatlı və mənəvi öhdəliklərlə çıxış edir. Qədirbilən insanlar öz ömründə, bu ilində 2023-cü ilin bu ilin adına layiq qalmasını düşünür; düşünür ki, bu ilə nə kimi töhfəm oldu yaxud olacaq? “Heydər Əliyev İli”nə verilən mənəvi hesabat, hər kəsin öz ölkəsi, dövləti, xalqı, mədəniyyəti qarşısında göstərdiyi xidmətlə, verdiyi töhfələrlə ölçülür. İxtisasından, peşəsindən, harada yaşamasından, yaşından və s. asılı olmayaraq, hər kəs öz yerində, öz işində, öz məsuliyyətində nümunəvi olmaqla “Heydər Əliyev İli”nə töhfə vermiş olur.

– Anadolulu qardaşlarımız demiş, “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır”.

– Məktəbli dərslərə yaxşı hazırlaşmaqla, məzun nəzəri biliklərini təcrübi müstəviyə uğurla tətbiq etməklə, müəllim dərs saatının bitməsini gözləyərək deyil, o saat içində “millətimin balalarına daha nələri öyrədə bilərəm?” sualını özünə verərək, əsgər silahını, döyüş bayrağını, səngərini göz bəbəyi kimi qoruyaraq, komandir əsgərə öz balası, qardaşı kimi baxaraq, məmur vətəndaşa yanar ürəklə xidmət göstərərək Heydər Əliyevin ruhunu şad etmiş olur. – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşadan xalqa 10 may müraciətindən mənim çıxardığım ilkin nəticələrin özəti bundan ibarətdir.

* Prezidentin özünün də vurğuladığı kimi, o, xalqa müraciətini Bakıdan yaxud ölkəmizin hər hansı bir başqa şəhərindən də edə bilərdi. Lakin Şuşa bir başqadır. Əziz Şuşa adına bir çox anlamlar yükləməmiz mümkündür. – “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi”! Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciətin məhz Şuşadan edilməsinin, Şuşanı müstəsna qılan başqa bir səbəb: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi”! – Bu sözlər yalnız şəhərlər, regionlar üzrə xəritə cızmır, ideallarımızın xəritəsini, yol xəritəsini də cızır. Bilirik ki, Şuşaya aparan yollar Şuşada bitmir! Şuşa Mədəniyyət paytaxtımızdır. Şuşa 2023-cü ildə – “Heydər Əliyev İli”ndə Türk dünyasının Mədəniyyət paytaxtıdır. Mədəniyyət!

– Onun haqqında ən zirvə sözlərdən birini mütəfəkkir şairimiz Hüseyn Cavid deyib: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”! Biz ölkə, dövlət, xalq olaraq, Qarabağa, Şərqi Zəngəzura məhz mədəniyyəti qaytarırıq. Erməni vandallığı Azərbaycanlı quruculuğu ilə əvəzlənir. 3 il öncə düşmən tapdağından azad edilən torpaqlarımız abadlaşır. Qarabağa, Şərqi Zəngəzura insanlıq qayıdır, o torpaqların öz doğma insanları qayıdır ora. “Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Dövlət başçısı vurğuladı ki, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. – Xalqımızın maraqları heç kəsə qarşı yönəlməyib. Çünki biz beynəlxalq hüquq normalarına, birgə yaşayışa, mehriban qonşuluğa sadiqik. Bizimlə problemi olanın insanlıqla, birgə yaşayış və qonşuluq mədəniyyəti ilə problemi vardır. Əslində, bizim kimi qonşusu olan ölkələr xoşbəxtdir. Ancaq söhbət dünyadakı çox nadir, bizim coğrafiyamızda isə yeganə monoetnik dövlətdən gedirsə, onu nəinki biz xoşbəxt edə bilmərik, heç Tanrı özü onu xoşbəxt görmür… Beləliklə, xalqımızın gələcəklə bağlı öz aydın yolu vardır.

Bu yol Heydər Əliyev Yoludur. “Azərbaycan Respublikasının uzunmüddətli strategiyası çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq”. Dövlət başçısı xalqa Şuşa müraciətində respublikamızın beynəlxalq miqyasda malik olduğu və ilbəil artan nüfuzundan da söz açdı. Beynəlxalq siyasətlə, dünyada baş verən proseslərlə az-çox maraqlanan hər kəs bilir ki, Azərbaycan dövləti alternativlərdən ən yaxşısını seçməyə, mümkün olan ən əlverişli yol xəritəsi cızmağa qadirdir. Respublikamız yaxın-uzaq ölkələrlə, beynəlxalq aktörlərlə, beynəlxalq qurum və quruluşlarla etibarlı münasibətlər qurmağa qadir və qabildir. Doğrudur, haqlı olmağımız bizim bir üstünlüyümüzdür, lakin uzun illər haqlı ola-ola hansı münasibəti (münasibətsizliyi) gördüyümüzü unutmamışıq. Çağdaş dünya birliyinin bir həqiqəti vardır: yalnız haqlı olmaq yetərli deyil, güclü olmaq lazımdır. Azərbaycan güclü ölkədir, imkanlı ölkədir. Azərbaycanın gücü, imkanları, nüfuzu həm əhalinin sosial rifahına, eyni zamanda bəşəriyyətin xeyrinə, sülhə, ədalətə xidmət edir. Azərbaycanın gücü haqsızlığın qarşısında, haqqın, haqlının yanındadır! Və “Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun”!

ULU ÖNDƏRİN RUHU ŞAD, DÖVLƏTİMİZİN BAYRAĞI UCA OLSUN!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki