Yevgeni Priqojin və onun “Vaqner” qoşunları iki ay əvvəl üsyana başlayanda Vladimir Putin hisslərini daha aydın ifadə etdi. O, bunu “xəyanət” və Rusiyanın “arxasından bıçaq zərbəsi” adlandırdı, günahkarların cəzalandırılacağına söz verdi.
Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, artıq Rusiyada inamsızlıq var idi. Cənab Priqojin və Kreml arasında üsyanı dayandırmaq üçün razılığa gəlinməsi, rus hərbçilərininn qısa müddətli üsyan zamanı həlak olmasına baxmayaraq, “Vaqner”in qurucusu və döyüşçülərinə qarşı bütün ittihamların ləğv edilməsi Prezident Putini zəif göstərmişdi.
Razılaşdırılmış kompromisə (təqibdən toxunulmazlıq müqabilində üsyana son qoymaq) münasibət bildirən Rusiya qəzetlərindən biri belə şərh edib: “Bu cür kompromis adətən siyasi opponentlərlə edilir. Heç vaxt cinayətkarlar və terrorçularla deyil. Bu o deməkdir ki, biz indi cənab Priqojini siyasi bir xadim kimi görməliyik?”.
Qəflətən işlər çox fərqli görünür.
Düz iki ay sonra cənab Priqojinin şəxsi təyyarəsinin tarlada qəzaya uğraması və partlaması nəticəsində öldüyü deyilir. Vaqner komandiri Dmitri Utkin də eyni təyyarədə idi. Rusiya elitası cənab Priqojinin ölümü ilə bağlı bir neçə göz yaşı tökəcək. Bu, Priqojinin açıq və səsli şəkildə pislədiyi və işdən çıxarılmasını tələb etdiyi Rusiyanın hərbi rəhbərliyinə də aiddir. “Vaqner”in rəhbəri iddia edib ki, “Ədalət marşı” (onun qiyam üçün evfemizmi) Kremli hədəfə almayıb, əksinə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib. Reallıqda isə “Vaqner üsyanı” birbaşa prezident Putinin nüfuzuna meydan oxumuş və Kreml üçün 24 saat alçaldıcı bir hadisə olmuşdu. Cənab Putin özü də qeyd edib ki, Rusiya dövləti “Vaqner”i maliyyələşdirirdi. Pul açıq-aydın sədaqəti satın ala bilməmişdi.
Əgər bu hadisə hakimiyyətdəkilərin qisas aktı idisə, bu, cənab Priqojinin sadiq tərəfdarlarına və Rusiyada silahlı müqaviməti düşünən hər kəsə iki açıq mesaj göndərir:
1. Cəhd etmə
2. Cəhd edənlərin başına nə gəldiyini gör
Bu o deməkdir ki, prezident Putin bu dramatik hadisələrdən ölkə daxilində daha güclü çıxa bilər.
Bəs, əgər cənab Priqojin şəhid olarsa nə olacaq? Ona sədaqət vəd edənlər və yaxşı təlim keçmiş döyüşçülər öz qisas hərəkatlarını elan etsələr nə baş verəcək?
“Vaqner”lə əlaqəsi olan “Grey Zone” Telegram kanalı cənab Priqojinin ölüm xəbərini “Rusiya xainləri” ilə əlaqələndirib. Lakin həmin xainlərin kim olduğuna və “Vaqner”in cavabının nə olacağına aydınlıq gətirilməyib. Əgər bu qəza bir suiqəsd idisə, bu, Rusiyada çoxlarını təəccübləndirəcək. İğtişaşdan bəri cənab Priqojinin taleyi, onun əməllərinin həqiqətən bağışlanıb bağışlanmayacağı ilə bağlı qızğın fərziyyələr səslənir.
Priqojin, yəqin ki, bunu bilirdi. Bununla belə, son həftələrdə şəxsi təyyarəsi ilə uçarkən açıq şəkildə hava səyahətini təhlükə hesab etmirdi. Bəlkə də, o bugünkü Rusiyada özünün ortadan qaldırılmayacaq qədər çox güclü, həlledici fiqur olduğuna inanırdı? publika.az