Belə hallarda vətəndaş təkcə aldadılmır, həm də qaçaqmalçılıq və ya saxta mal dövriyyəsi şəbəkəsinin iştirakçısına çevrilir
İnternet və sosial şəbəkələr insanların həyatını asanlaşdırmaqla yanaşı, cinayətkar qruplar üçün də yeni imkanlar yaradıb. Son illərdə Telegram, Instagram, Facebook, TikTok və digər platformalar üzərindən qanunsuz məhsulların satışı sürətlə artıb. Əvvəllər gizli bazarlarda və ya vasitəçilər üzərindən həyata keçirilən alqı-satqılar indi bir neçə mesaj və ya qapalı kanal vasitəsilə təşkil olunur.
Ən çox rast gəlinən qanunsuz ticarət istiqamətləri arasında saxta sənədlərin hazırlanması və satışı, reseptlə verilən dərman preparatlarının qanunsuz dövriyyəsi, aksiz markası olmayan siqaret və spirtli içkilərin satışı, qaçaqmal elektronika və digər malların internet üzərindən təklif edilməsi yer alır. Satıcılar çox vaxt açıq elan yerləşdirmir, kodlaşdırılmış ifadələrdən və qapalı qruplardan istifadə etməklə hüquq-mühafizə orqanlarının diqqətindən yayınmağa çalışırlar.
Bu gün cinayətkar qrupların əsas üstünlüyü anonimlikdir. Saxta profillər, birdəfəlik telefon nömrələri, şifrələnmiş mesajlaşma proqramları və elektron ödəniş vasitələri onların fəaliyyətini izləməyi xeyli çətinləşdirir. Bəzi hallarda ödənişlər kriptovalyuta ilə həyata keçirilir ki, bu da maliyyə izlərinin müəyyən edilməsini daha da mürəkkəbləşdirir.
Mütəxəssislər hesab edirlər ki, internetdə fəaliyyət göstərən “qara bazar” təkcə iqtisadi problem deyil. Saxta dərman preparatları insanların sağlamlığı üçün ciddi təhlükə yaradır, saxta sənədlər isə dələduzluq, qanunsuz miqrasiya və digər ağır cinayətlərin törədilməsinə şərait yaradır. Bundan başqa, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mallar dövlət büdcəsinə vergi itkiləri verir və kölgə iqtisadiyyatının genişlənməsinə səbəb olur.
Azərbaycanda da hüquq-mühafizə orqanları sosial şəbəkələr üzərindən fəaliyyət göstərən qanunsuz satış şəbəkələrinə qarşı mütəmadi əməliyyatlar həyata keçirir. Bununla belə, texnologiyanın sürətli inkişafı cinayətkarların fəaliyyət üsullarını da dəyişir. Bağlanan bir kanalın yerinə qısa müddətdə yenisi yaradılır, yeni hesablar açılır və qanunsuz ticarət fərqli platformalarda davam etdirilir.
Ekspertlər hesab edirlər ki, bu təhlükə ilə mübarizə yalnız polis əməliyyatları ilə məhdudlaşmamalıdır. Sosial media platformaları ilə əməkdaşlığın genişləndirilməsi, kibercinayətkarlığa qarşı texniki imkanların gücləndirilməsi, elektron ödənişlərin monitorinqinin təkmilləşdirilməsi və vətəndaşların rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Ceyhun Yusifov
Tanınmış vəkil Ceyhun Yusifov deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində saxta sənəd hazırlama (CM-in 320-ci maddəsi), qaçaqmalçılıq (CM-in 206-cı maddəsi), aksiz markası ilə markalanmalı olan məhsulların aksizsiz satışı (CM-in 213-1-ci maddəsi), qanunsuz dərman dövriyyəsi (CM-in 200-1-ci maddəsi) və vergidən yayınma ilə bağlı kifayət qədər sərt sanksiyalar nəzərdə tutulub: “Problem normativ bazanın azlığında deyil, qanunun tətbiqetmə mexanizminin rəqəmsal cinayət texnologiyalarının sürətinə çatdıra bilməməsindədir. Bu gün sosial şəbəkədə qanunsuz məhsul satan şəxs Azərbaycanda yaşamaya bilər. Əməliyyatın aparıldığı server başqa bir ölkədə, ödənişin keçdiyi elektron kisə üçüncü bir ölkədə qeydiyyatdadır. Məhsul isə kuryer xidmətləri vasitəsilə alıcıya çatdırılır. Nəticədə, hüquq-mühafizə orqanları adi bir fərdin cinayətini deyil, transmilliləşmiş rəqəmsal şəbəkəni araşdırmaq məcburiyyətində qalır”.
Vəkilin sözlərinə görə, rəqəmsal cinayətkarların ən böyük sığınacağı anonimlikdir: “Virtual telefon nömrələri, VPN və proxy xidmətləri, anonim kriptovalyuta cüzdanlar, başqa şəxslərin adına açılmış bank kartları internet üzərindən qanunsuz fəaliyyət üçün geniş imkanlar açır. Əvvəllər müstəntiq cinayət yerində barmaq izi axtarırdısa, bu gün rəqəmsal izlər – IP ünvan, log faylları, tranzaksiya tarixçəsi axtarır. Lakin bu izlərin böyük hissəsi xarici dövlətlərin və ya transmilli korporasiyaların serverlərində saxlanılır. Beynəlxalq hüquqi yardım çərçivəsində göndərilən sorğunun cavabı aylarla gecikir. Həmin müddətdə isə cinayətkar yeni profil açaraq fəaliyyətini maneəsiz davam etdirir”.
Müsahibimiz deyib ki, kriptovalyutalar özlüyündə qanunsuz alət deyil: “Bu, müasir maliyyə texnologiyasıdır. Lakin anonimlik imkanları səbəbindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında aktiv istifadə olunur. Beynəlxalq təcrübədə, xüsusən Avropa İttifaqı və ABŞ-də KYC – ”Müştərini tanı” və AML – “Çirkli pulların yuyulmasına qarşı” standartları kriptobirjalar üçün məcburi edilib. Azərbaycanın maliyyə-monitorinq qanunvericiliyi də bu istiqamətdə təkmilləşdirilməlidir. Rəqəmsal aktivlərin hüquqi statusu və onların üzərinə həbs qoyulması mexanizmləri qanunla tam dəqiq tənzimlənməlidir”.
Ceyhun Yusifov deyib ki, internetdə təklif olunan saxta sənədlər vasitəsilə banklardan kreditlər götürülür, dövlət büdcəsindən qanunsuz sosial ödənişlər mənimsənilir və dələduzluq sxemləri qurulur: “Saxta dərman və bioloji fəal əlavələrin (BFƏA) onlayn satışı da belə sxemlər üzərindən aparılır. Mənşəyi, tərkibi və saxlanma şəraiti məlum olmayan bu vasitələr bilavasitə vətəndaşların yaşam hüququna və sağlamlığına qəsddir. Bəzi hallarda bu əməllər ehtiyatsızlıqdan adam öldürmə və ya sağlamlığa ağır zərər vurma tərkibi yaradır. Sosial media üzərindən aparılan kölgə ticarəti haqsız rəqabət yaradır. Vergisini, gömrük rüsumunu, aksizini ödəyən, sertifikatlaşdırma keçən dürüst sahibkar uduzur. Qanunsuz satıcı isə heç bir öhdəlik daşımadığı üçün məhsulu ucuz təklif edir. Bu, yalnız dövlət büdcəsinə yayınan vergilər şəklində zərər vurmur, həm də ölkədəki sağlam biznes mühitini iflic edir”.
Onun sözlərinə görə, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) göstərir ki, sosial şəbəkələr öz platformalarında gedən qanunsuz ticarətə və məzmuna görə birbaşa cavabdehlik daşımalıdırlar: “Əgər platforma dövlətin rəsmi müraciətlərinə və vətəndaş şikayətlərinə rəğmən qanunsuz satış kanallarını bloklamırsa, həmin şirkətlərə müvafiq ölkə ərazisində ciddi maliyyə sanksiyaları və ya giriş məhdudiyyətləri tətbiq olunmalıdır. Problemə qarşı ixtisaslaşmış kibermüstəntiqlər və ekspertiza olmalıdır. Kibercinayətkarlıqla mübarizə qurumlarının maddi-texniki və kadr bazası genişləndirilməli, operativ-axtarış tədbirlərinin rəqəmsal müstəvidə keçirilməsi mexanizmləri təkmilləşdirilməlidir.
Elektron sübutların prosessual tənzimlənməsi: Cinayət-Prosessual Məcəllədə elektron sübutların – ekran görüntüləri, IP loglar, çat yazışmaların toplanması, möhkəmləndirilməsi və məhkəmədə mötəbər sübut kimi tanınması qaydaları daha dəqiq təsbit olunmalıdır. Qanunvericiliyə dəyişiklik edilərək xarici rəqəmsal platformaların ölkədə hüquqi nümayəndəliklərinin olması və hüquq-mühafizə orqanlarının müraciətlərini operativ icra etməsi öhdəliyi qoyulmalıdır. Görülən hər bir nəzarət tədbiri Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilən şəxsi həyatın toxunulmazlığı, yazışma sirri və mülkiyyət hüququ ilə ciddi şəkildə balanslaşdırılmalıdır. Polis nəzarəti vətəndaşın fundamental hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Son olaraq, vətəndaşlar anlamalıdır ki, rəsmi qəbzi, çek-fiskal sənədi olmayan, yalnız şəxsi karta köçürmə tələb edən anonim sosial şəbəkə səhifəsindən mal almaq böyük hüquqi və fiziki riskdir. Belə hallarda vətəndaş təkcə keyfiyyətsiz malın qurbanı olmur, həm də bilmədən qaçaqmalçılıq və ya saxta mal dövriyyəsi şəbəkəsinin iştirakçısına çevrilə bilər”.“Yeni Müsavat”


























