Türkiyədə Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlunun ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlekin açıqlamasına görə, Ankara Baş Prokurorluğunun koordinasiyası, Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi və Ankara Polis İdarəsinin iştirakı ilə Ankara da daxil olmaqla 16 vilayətdə əməliyyatın ikinci mərhələsi həyata keçirilib.
47 şübhəli barədə istintaq başladılıb, 45 ünvanda aparılan axtarışlar nəticəsində indiyədək 33 nəfər saxlanılıb. Daha 10 şübhəlinin həbsdə olduğu, 4 nəfərin isə axtarışda olduğu bildirilib.
İstintaq çərçivəsində axtarış-xilasetmə əməliyyatlarının yanlış istiqamətləndirilməsi, yalan məlumatların hazırlanması, şahidlərə təsir göstərilməsi və hadisənin həqiqətlərinin üzə çıxarılmasına mane olmaq kimi iddialar araşdırılır.
Akın Gürlek bildirib ki, istintaqın məqsədi qəzanın bütün aspektlərinə aydınlıq gətirmək və məsul şəxslərin müəyyən edilərək qanun qarşısında cavab verməsini təmin etməkdir.


























