image-reklam-veteninfo
image-att-gkyyduswu6bmbupohx4ms4ekdjy36yv7mxng_kma8ymbackend

Vətən mənə oğul desə, nə dərdim?-ALTUNAY İSGƏNDƏROVA YAZIR

image-reklam-veteninfo

Bəzən bir cümlə illərlə yaddaşımızda yaşayır. Uşaqlıqda sadəcə bir şeir misrası kimi oxuduğumuz sözlər, zaman keçdikcə bir xalqın taleyinə çevrilir.

“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim…”
Bəlkə də illər əvvəl bu misraları oxuyanda onun ağırlığını tam anlamırdıq.
27 sentyabr…
Bu tarix təqvimdə sadəcə bir gün deyil. Bu tarix 30 il susan torpağın yenidən danışmağa başladığı gündür.
Otuz il…
Bir insan ömrünün böyük hissəsidir. Bir uşaq böyüyüb ata olacaq qədər uzun, bir ailənin nəsilləri dəyişəcək qədər ağır zamandır. Amma həmin otuz il ərzində Qarabağ torpaqları bizim üçün heç vaxt keçmişə çevrilmədi.
İllər keçdi, şəhərlər dağıldı, evlərin divarları uçdu, yollar ot basdı. Amma yaddaş unutmadı.
Çünki işğal yalnız torpağın itirilməsi deyildi.
İşğal həm də bir evin qapısının 30 il açılmaması, bir bulağın sahibini gözləməsi, bir məzarın ziyarətçisiz qalması, bir uşağın doğulduğu torpağı yalnız şəkillərdən tanıması idi.
Və daha bir həqiqət var idi: biz torpaqlarımızı yalnız itirməmişdik, həm də onları geri qaytaracağımız günə qədər qorxunc bir mirasla üz-üzə qalmışdıq.
Mina ilə örtülmüş torpaqlar…
İşğaldan azad edilən ərazilərdə hər addımın altında ölüm təhlükəsi vardı. Bu torpaqlar illərlə yalnız insanlardan deyil, quruculuqdan da uzaq saxlanılmışdı. Şəhərlər dağıdılmış, evlər talan edilmişdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 30 illik işğalın nəticəsində Azərbaycan şəhərləri, tarixi və dini abidələri dağıdılıb, təbiətə ciddi ziyan vurulub. Dövlət başçısı azad edilmiş torpaqlarda quruculuğun başlanacağını bildirərkən bir fikri xüsusilə vurğulamışdı: “Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik — Azərbaycan xalqıdır.”
Bu torpaqların işğal illərində necə viran qoyulduğunu təsəvvür etmək üçün bəzən uzun cümlələrə ehtiyac yoxdur.
Ağdama baxmaq kifayət idi.
Bir vaxtlar həyatın qaynadığı şəhərdən demək olar ki, əsər-əlamət qalmamışdı.
Məscidlərə baxmaq kifayət idi.
Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılmışdı. Bəzi məscidlər isə təhqir edilmiş, ibadət məkanları məqsədyönlü şəkildə alçaldılmışdı.
Bu, sadəcə daşın, divarın, minarənin dağıdılması deyildi.
Bu, bir xalqın heysiyyətinə toxunmaq idi.
Bir xalqın inancına toxunmaq idi.
Bir xalqın “mən buradayam” deyən izlərini silmək cəhdi idi.
Amma bir şeyi hesaba almamışdılar.
Daşı dağıtmaq olar.
Divarı uçurmaq olar.
Minarəni susdurmaq olar.
Amma yaddaşı dağıtmaq olmur.
Çünki yaddaş xalqın içində yaşayır.
Və həmin yaddaş 27 sentyabr 2020-ci ildə silaha çevrildi.
Azərbaycan əsgəri illərlə ürəyimizdə yığılan o həsrətin qarşısında dayandı.
O, qarşısında yalnız düşmən mövqelərini görmürdü. Qarşısında 30 illik ayrılıq vardı. Arxasında isə bir xalqın duası, bir millətin inamı, ata-babaların yarımçıq qalmış arzuları dayanırdı.
Döyüş meydanında hər addımın öz qiyməti vardı.
Bir yüksəklik uğrunda günlərlə döyüşüldü. Bir mövqe uğrunda neçə-neçə əsgər gecəsini səhərə qatdı. Bəzən bir neçə metr irəliləmək üçün böyük bir ömürdən keçildi.
Bəzi yollar xəritədə görünürdü, bəzilərini isə Azərbaycan əsgəri öz qanı ilə açdı.
Və bu yolun ən ağır, ən müqəddəs dayanacaqlarından biri Şuşa idi.
Şuşa…
Bəlkə də bu adın özü bir tarix kitabıdır.
Otuz il ərzində “alınmaz qala” kimi təqdim edilən Şuşa Azərbaycan əsgərinin qarşısında dayanmışdı. Amma onlar üçün Şuşa sadəcə strateji yüksəklik deyildi.
Şuşa Qarabağın ürəyidi.
Şuşa Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün nəfəsi idi.
Şuşa bizim musiqimiz, poeziyamız, yaddaşımız idi.
Və Azərbaycan əsgəri o şəhərə gedən yolda bəlkə də özündən çox tariximizi daşıyırdı.
Şuşaya aparan yolun hər qayasında bir əsgərin nəfəsi, hər döngəsində bir ananın duası, hər addımında bir şəhidin izi var.
8 noyabrda isə Azərbaycan xalqı illərlə gözlədiyi xəbəri aldı:
Şuşa azad idi.
Prezident İlham Əliyevin Şuşanın azadlığı ilə bağlı söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri həmin günün sevincini bir cümləyə sığdırdı.
Amma qayıtmaq hələ yolun sonu deyildi.
Əslində, başqa bir böyük yol elə bundan sonra başladı.
Qurmaq. Bərpa etmək. Dirçəltmək.
Çünki biz torpaqları yalnız azad etmək üçün deyil, orada yenidən həyat qurmaq üçün geri qayıtmışdıq.
Bir vaxtlar düşmənin dağıtdığı şəhərlərdə bu gün yollar çəkilir, yeni məktəblər tikilir. Xəstəxanalar, yaşayış kompleksləri, hava limanları, elektrik xətləri, su və digər infrastruktur layihələri həyata keçirilir.
Vaxtilə “burada həyat bir daha olmayacaq” görüntüsü yaratmağa çalışılan yerlərdə bu gün uşaqların səsi eşidilir.
Ağdam yenidən qurulur. Füzuli yenidən canlanır. Zəngilan yeni simasına qovuşur.
Şuşa öz tarixi ruhuna qaytarılır. Məscidlər bərpa olunur. Çünki dağıtmaqla qurmağın fərqi də elə budur.
Biri torpağın yaddaşını silmək istəyir, digəri həmin yaddaşı yenidən həyata qaytarır.
Bu gün Qarabağa baxanda bir həqiqət daha aydın görünür:
Çünki bizim üçün Qarabağ sadəcə coğrafi ərazi deyil.
Qarabağ bir xatirədir. Qarabağ bir şəhid məzarının qarşısında susan anadır. Qarabağ 30 il yolunu gözləyən ata evidir. Qarabağ doğulduğu kəndə qayıdan bir insanın gözlərindəki sevincdir. Və Qarabağ bu gün yenidən tikilən hər bir evin işığında görünür.
Bir vaxtlar yalnız xəritədə gördüyümüz şəhərlərdə bu gün Azərbaycan bayrağı dalğalanır.
27 Sentyabr yalnız keçmişi xatırlamaq deyil.
Bu gün həm də başımızı dik tutub, şəhidlərimizin adlarını ürəyimizdə bir daha çəkmək və onların uğrunda can verdiyi Vətənin qədrini bilmək günüdür.
Çünki şəhidlik bir millətin yaddaşında davam edən həyatdır.
Bu gün Qarabağın dağlarına baxanda, küləyin səsində ruhumuz onların addımlarını hələ də eşidir.
Sanki uzaqlardan bir səs gəlir: “Bu torpaq bizimdir. Onu qoruyun.”
Ruhunuz qarşısında baş əyirik, şəhidlər.
Sizin başladığınız yol bizim yaddaşımızda, sizin uğrunda can verdiyiniz Vətən isə bizim əllərimizdə əbədiləşsin.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki