image-1backend

Qarabağlılara və “Qarabağ”lılara  “İmarət” stadionunun müjdəsi verildi  

image-reklam_sirab_01

Dekabrın 21-də işğaldan azad edilən Xankəndi şəhərində böyük sevinc və fəxarətlə azərbaycanlı azarkeşlər və idmançıların iştirakı ilə tarixi futbol oyunu keçirildi. Yenilənmiş, cəmi iki aya əsaslı təmir olunmuş, başının üstündə müqəddəs üçrəngli bayrağımız dalğalanan Xankəndi stadionu tarixi bir ana, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” – “Mərkəzi Ordu İdman Klubu” (MOİK) komandalarının oyununa ev sahibliyi etdi. Təkcə stadiona toplaşmış azarkeşlər deyil, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları eyni anda eyni sevinci, eyni qüruru yaşadılar.

İlk dəfə idi ki, işğaldan azad edilmiş torpaqlarımızda belə bir idman bayramı yaşanırdı. Bu günü, bu oyunu unudulmaz edən həm də əsrlər boyu Vətənimizin ürəyində sağalmaz qara yara kimi kök atmış, kimlərinsə həllinə imkan vermədiyi Qarabağ münaqişəsini canları bahasına birdəfəlik tarixin arxivinə göndərmiş qəhrəman oğullarımızın, müqəddəs şəhidlərimizin ruhlarına göstərilən dərin ehtiram oldu. “Qarabağ” – MOİK oyununu izləyənlərin ön sıralarında məqamları uca şəhidlərimizin ailə üzvləri, bu Vətənin etibarlı gələcəyi, hamımızın minnət borclusu olduğumuz şəhid övladları və torpaq uğrunda canlarından can əsirgəməyən igid qazilərimiz əyləşmişdilər. Özü də şanlı Qələbəmizin, Xankəndinin, Şuşanın, Xocalının, Ağdamın, Laçının, daha neçə düşmən tapdağı altında olan şəhərimizin, kəndimizin azadlığının memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə, bir tribunada!

Azərbaycan Prezidenti İlham Əliyev tarixi oyundan əvvəl bir daha bütün dünyaya anlamlı mesaj verdi, düşmənlərə, Qarabağ üzərindən qara-qara oyunlar qurmaq istəyənlərə, ürəklərində məkrli, xəbis niyyət yaşadanlara növbəti dəfə xəbərdarlıq etdi. Böyük Sərkərdəmiz oyunun əvvəlində topa endirdiyi rəmzi zərbə ilə bəyan etdi ki, bütün başqa oyunlar çoxdan bitib, Qələbə qolları çoxdan vurulub. İndi daha bu yerlərdə heç zaman düşmənlər meydan sulaya bilməyəcəklər. Təməli Qarabağ xanı tərəfindən qoyulmuş, Azərbaycanın vəsaiti hesabına öz memarlarımız, inşaatçılarımız tərəfindən tikilmiş bu böyük, gözəl şəhər bundan sonra əsl sahiblərinin xoşbəxt yaşayacağı, Azərbaycanın dostlarını qonaq qarşılayacağı əbədi yurd yerimiz olacaq. Göylərində hər zaman üçrəngli Bayrağımız dalğalanacaq!

Müzəffər Ali Baş Komandan bütün qarabağlılara və “Qarabağ”lılara  “İmarət” stadionunun müjdəsini də verdi. Hamı sevinclə xəbər tutdu ki, tezliklə digər azadlığına qovuşmuş şəhərlərimiz kimi yenidən qurulan Ağdamda yeni, müasir stadionun inşasına başlanılacaq və “Qarabağ” da ən qısa zamanda öz doğma ocağına qayıdan keçmiş məcburi köçkünlərə qoşulacaq. Çünki işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-abadlıq işləri o qədər sürətlə aparılır ki, bütün dünya görülən işlərin nəticələrindən heyrətlənir, dostlar sevinir, düşmənlərin paxıllıqdan bağrı çatlayır. Lap 44 günlük Vətən savaşında, bir günlük antiterror tədbirləri zamanı olduğu kimi. Torpaqlarımızın işğalına son qoyan, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasını şərtləndirən Zəfərimiz bizim, övladlarımızın, gələcək nəsillərimizin qəlbində əbədi yaşayacaq. İllər, əsrlər keçsə də Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfərlə əbədi fəxr edəcəklər!

Şanlı Qələbəmizin də, bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda görülən böyük işlərin də,  Xankəndidə baş tutan idman bayramının da bünövrəsində dayanan ən ali məqam bizim sarsılmaz birliyimizdir. Xalqımız öz Prezidentinə ürəkdən inandı, güvəndi, Müzəffər Ali Baş Komandanımız da öz müdrik xalqına arxalandı. Məhz bu sarsılmaz inam, bu əbədi birlik müasir tariximizin Zəfər səhifələrinə, Vətənin zirvələrində dalğalanan üçrəngli bayraqlara, Xankəndinin mərkəzi meydanında rəşadətli ordumuzun Qələbə paradına çevrildi. Bundan sonra Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq! Və hər zaman fəxrlə deyəcəyik ki, yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

Qədir Məmmədov – Ağdam rayon ziyalısı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki