image-1backend

Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

image-reklam_sirab_01

Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi, ən güclüsü 9 saatdan sonra Qəhrəmanmaraşın Ekinözü ilçəsində 7,5 MV gücündə baş verdi.

Fəlakət barədə məlumat verilən kimi dərhal Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi,  “Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır”.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi. Ölkə başçısı həm də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə yardımların göndərilməsinə başlanılıb.

Hadisədən dərhal sonra qardaş ölkəyə hərtərəfli kömək və yardım kompaniyasına start verildi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu. Təbii ki, yenə ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası, Müdafiə Nazirliyinin hərbiçiləri, tibb işçiləri və digər qurumların çoxsaylı nümayəndələri dağıntılar zonasına gəldilər və xilasetmə işlərinə başladılar.

Qardaş Türkiyəyə yardımların toplanılmasına bütün ölkə vətəndaşları səs verdi. Bakıda və ölkənin bütün bölgələrində yardımların toplanması üçün məntəqələr yaradıldı. Dövlət qurumları, idarələr, təşkilatlar, sadə vətəndaşlar bu işlərə qoşularaq türkiyəli qardaş və bacılarımız üçün əllərindən gələn bütün yardımları mərkəzlərə gətirməyə başladılar. Artıq nüçə gündür ki, aksiya davam edir və gətirilən yardımların miqdarı durmadan artır. Toplanan yardımlar hava nəqliyyatı və avtomobillərlə Türkiyəyə göndərilir. Humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan   avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar, həmçinin ərzaq daxildir.

Ölkəmizin başçısı həm də zəlzələ zamanı xəarət alan insanların Azərbaycanda müalicəsi ilə bağlı da müvafiq tapşırıqlar verib. Bütün görülən işlər bir daha göstərdi ki, çətin gündə Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.

Bu gün şübhəsiz ki,   Azərbaycan və  Türkiyənin   dünya birliyində yeri çox önəmli olmaqdadır və olacaq, «Bir millət, iki dövlət» olaraq xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki