image-bvbackend

Qızıl Tarix Yazan Azərbaycan!

image-reklam_sirab_01

Qəhrəmanlar diyarı, Odlar yurdu Azərbaycan tarixə qızıl hərflərlə ikinci  Qarabağ  müharibəsini yazdı. 2020-ci ilin 27 Sentyabrından başlayaraq 44 gün davam edən müharibədə, Azərbaycan xalqı həm mənəvi, həm də tarixi qələbə qazandı. Azərbaycan hər bir sahədə öz mövqeyini həmişə layiqincə göstərmiş və hər bir zaman öz sözünü demişdir.

Biz bu müharibədə əzəli və əbədi Azərbaycan torpaqlarını işğaldan azad etdik. “Qarabağ” bizim təkcə torpağımız deyil,eyni zamanda adətimiz, ənənəmiz, mədəniyyətimiz, musiqimiz və ən əsası tarixdə silinməz izlər qoyan tariximizdir.  Torpaq! Uğrunda ölən varsa, bu Vətəndir.  Torpaq! Uğrunda həyatını, xəyallarını verən varsa, bu Vətəndir.

Qızıl tarix yazan Azərbaycanın qızıl mürəkkəbi olan 2795 şəhid və on minlərlə qazisi var. 2795 şəhidin bizlərə əmanət ailələri və  geriyə  qoyduqları xatirələri var. Bu ailələr artıq bizlərə əmanətdir. Əmanət güvəndir, inamdır. Biz bu əmanəti yalnız maddiyyat olaraq deyil, eyni zamanda da mənəvi olaraqda etməliyik. Çünki bizlər – Azərbaycan xalqı necə ki müharibə dövrü həm ön, həm də arxa cəbhədə çiyin-çiyinə vuruşduq. Indi də  həm mənəvi, həm də maddi dəstəklərimiz ilə şəhidlərimizin heç düşünmədən, bizlərə güvənərək əmanət etdikləri ailələrin daim yanında olmalıyıq.

Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı sərəncamla bu sahədə görülən işlər daha da inkişaf etdirilib. Şəhid ailəsinin üzvlərinə və müharibə veteranlarına son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən və bu ada layiq görülmüş  şəxslər mənzillə təmin  ediləcək. Dövlətimiz, prezidentimiz  bu xalqın qəhrəmanlarına və onların əmanətlərinə həmişə sadiqdir.

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.

Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.

 

 

Amanova Dürdanə Əziz qızı

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki