Bu sözləri “Yeni Sabah”a Əməkdar jurnalist, “Qulp” satirik telelayihəsinin müəllifi Mübariz Əsgərov deyib.
O, bu gün vəfat edən Əməkdar artist Yadigar Muradov haqqında xatirələrini bölüşüb:
“Onun yaratdığı Aşıq Yediyar obrazı cəsarətli bir insan idi. Həmin obraz ekranlara yeni çıxanda xeyli söz-söhbət yayıldı. Çoxluq deyirdi ki, aşıq belə mahnılar oxumamalıdır. Hər kəsə çatdırdıq ki, aşığın əsas vəzifəsi gözəl oxumaq, bir də doğruları söyləməkdir. Öz növbəmizdə cəmiyyətdə olan nöqsanları, çatışmazlıqları bu şəkildə qabardıb həll etməyə çalışırdıq. İstəyirdik ki, baş verən əksiklikləri mahnılar və süjetlər formasında insanlara çatdıraq. Gözəl işləyirdik. Həmin obraz xalq tərəfindən də çox sevilirdi”.
Mübariz Əsgərov bildirib ki, sağlığında Yadigar Muradovla yeni layihələr haqqında düşünürdülər:
“Bir neçə ay bundan qabaq görüşüb söhbət etmişdik. Yeni layihə və ideya üzərində düşünürdük. O da çox bəyənmişdi. Amma cərrahi əməliyyat olunduqdan sonra səs telləri zədələnmişdi. Deyirdi ki, səsim düzəlsin, sonra icra edək. Üstündən bir az keçəndən sonra komaya düşdü. Əfsuslar ki, bu gün onu itirdik”.
Əməkdar jurnalist çox kədərli olduğunu və gözəl bir insanı itirdiyini bildirib:
“Hazırda Teymur Məmmədovla birlikdə dəfndəyik. İkimiz də çox kədərliyik. “Qulp” da gözəl layihə idi. Özüm isə hazırda bizim qürurlu günlərimizi, tarixi qələbəmizi filmə çevirməklə məşğulam. Neçə illərdir ki, onun üzərində işləyirəm. Allah ömür verərsə, yenə də “qulp”vari nələrsə etmək olar. Ürəyim doludur. İstedadlı insanlarımız da çoxdur.
Bu gün bizim üçün çox ağır gündür. Çox kədərliyəm. Gözəl bir sənətkarı, gözəl bir insanı itirdik. Allah rəhmət etsin. Yeri behişt olsun”.
Qeyd edək ki, Yadigar Muradov oktyabrın 4-də Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru bu gün səhər saatlarında vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

























