image-1backend

Şamaxıda mart qırğını və İsmayıl xan Ziyadxanov

image-reklam_sirab_01

1918-ci il 18-22 mart tarixində xalqımızın qatı düşməni Stepan Şaumyanın yaxın dostu Stepan Lalayevin başçılğı altında bolşevik-daşnak qüvvələrinin birləşmiş ordusu Şamaxıya hücum etdi.
Şamaxıya yaxın kəndlərə girən erməni-bolşevik qüvvələri şəhəri top atəşinə tutdular. Şəhər dağıdıldı, yüzlərlə ev yandırıldı, evlərdən qaçan qoca, qadın, uşaq və küçələrdə görünənlərin hamı amansızcasına güllələndi.
Şəhərdə qırğın və talanlar müəyyən fasilələrlə bir neçə gün davam etdi.
Gəncədə Cavad xanın nəticəsi, tanınmış siyasi-ictimai xadim, I Dövlət Dumasının deputatı İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında yeni formalaşmaqda olan ilk milli silahlı dəstələrimiz bu qətliam haqda xəbər tutan kimi öz qardaşlarının köməyinə tələsirlər.

İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən Gəncə atlıları qısa vaxt ərzində rus və erməni dəstələrinə ağır zərbələr vuraraq Şamaxını daşnak başkəsənlərindən azad etməyə müvəffəq oldular.
Bir neçə yüz silahlı atlılardan ibarət olan milli dəstə yandırılmış və dağıdılmış Şamaxını azad edəndən sonra şəhər əhalisi çoxsaylı ölülərini dəfn etməyə macal tapdı…
Şamaxıya qayıdan yerli azərbaycanlı xadimlərlə vəziyyəti müzakirə edən İsmayıl Xan sabahısı gün öz dəstəsi ilə erməni-rus qoşunlarının istehkamı olan Mədrəsəyə hücum edir.
Şiddətli döyüş başlayır və ağır itkilər verən ermənilər qaçaraq molokanların yaşadığı Qozlu-Çay kəndində sığacaq tapırlar. Milli qoşunlar Mədrəsəni tutsalar da, heç bir dağıntı və yanğınlar törətmirlər.
İsmayıl xan Qozlu-Çayı mühasirəyə alır, molokan ağsaqqallarını dəvət edərək erməni quldurlarını təhvil verməyi və ya onları kənddən çıxarmağı tələb edir.

Bu tələbi yerinə yetirmək üçün 2 gün vaxt istəyən molokanlar, sonra Bakıdan yardım çıxdığını öyrənərək verdikləri vədlərindən dönüb erməni başkəsənlərini çıxarmaqdan imtina edirlər və yolun açılmasını tələb edirlər.
Bu vəziyyətlə razılaşmayan İsmayıl Xan Qozlu-Çaya hücum edir və erməni hissələri ilə vuruşa başlayır. İki gün davam edən döyüşdə heç bir tərəf müvəffəqiyət qazana bilmir.
Bu zaman Gəncənin dağlıq hissələrində olan erməni kəndlərindən yığılmış daşnak dəstələrinin Gəncə yaxınlığındaki türk kəndlərinə hücumlar etməsi və dinc əhalini kütləvi şəkildə öldürməsi haqda xəbərlər alan İsmayıl xan dərhal hücumu dayandırıb Gəncəyə qayıtmaq üçün Şamaxıya dönür.
Həmin müddətdə Bakıdan böyük silah-sursatla təchiz edilmiş yeni erməni hərbi birləşmələrinin yola çıxdığını öyrənən İsmayıl Xan şəhər ağsaqqallarını və bütün sakinləri toplayaraq, bir neçə gün sonra Şamaxıya hücum başlanacağını və heç kəsə rəhm olunmayacağını bildirərək təcili surətdə şəhəri müvəqqəti olaraq tərk etməyi məsləhət görür.

İsmayıl Xan həmin gecə öz qoşunları ilə Gəncənin müdafiəsini təşkil etmək üçün təcili yola çıxır.
Böyük təlaş və qorxu içində olan Şamaxı əhalisinin çox hissəsi yığışmağa belə macal tapmayaraq, İsmayıl xanın məsləhəti ilə onunla birlikdə şəhəri tərk edir.
Beləliklə, neçə min insan Şamaxıda baş verən sonraki qırğınlardan xilas olmuş olur.

Azərbaycan xalqının və türk millətinin qatı düşməni Stepan Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı.

Bu isə İsmayıl xan Ziyadxanovun xalqımız və millətimiz üçün necə dəyərli bir şəxsiyyət olmasının ən gözəl göstəricisidir!

27 aprel 1920-ci ildə Rusiya Azərbaycanı işğal edərək Sovet hakimiyyəti qurduqdan sonra ilk olaraq istintaqsız-məhkəməsiz qüllələtdirdiyi insanlardan biri də xalqımızın böyük oğlu İsmayıl xan Ziyadxanov idi…
Allah xalq fədaisi İsmayıl xan Ziyadxanova və Şamaxı qırğınında həlak olmuş bütün gunahsız insanlara rəhmət eləsin!

P.s. Xatırladaq ki, İsmayıl xan Ziyatxanovun doğma nəvəsi(oğlunun oğlu) Valid xan Ziyadlı hazırda Bakıda yaşayır və “Cavad xan” Mədəniyyət və Tarix fondunun prezidentidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image