image-p-10backend

Şanlı Qələbənin 1 ili

image-reklam_sirab_01

Üç rəngli bayrağın altında toplaşaraq şanlı qələbəmizin başlamasından bir il ötür.Azərbaycan xalqı tam bir il əvvəl Ali Baş Komandanın ətrafında birləşərək “Dəmir Yumruq” yaratdı və  bütün dünyaya sübut etdi ki,bu xalq bir olduğu müddətcə heç bir qüvvə onu məğlub edə bilməz,düşməni diz çökdürməyə hər zaman qadirdir.

2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında  Azərbaycan Respublikasının Prezidenti,müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı.Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhədə yerləşən mövqelərini,Tərtər,Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı,cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə,Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə,fosforlu və kasetli bombalarla,klaster silahlarla atəşə tutaraq mülki əhaliyə açıq terror aktları törətməkdən çəkinmədi.Azərbaycan Ordusu Ali Baş Komandanın əmrilə düşmən təxribatına qarşı əks-hücum əməliyyatlarını həyata keçirməyə başladı.Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 28 sentyabrdan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin və sərəncamı ilə qismən səfərbərliyin elan edilməsi ilə “Dəmir yumruq” əməliyyatına başlanıldı.Bu yumruq altında bütün Azərbaycan xalqı toplaşdı və bütün dünyaya Azərbaycan  xalqının birliyini,öz dövlət başçısına sədaqətini,inamını göstərdi.Bu birlik dünya tarixində misli görünməmiş birlik idi.44 gün davam edən “Vətən müharibəsində” xalq ordusundan dəstəyini əsirgəmədi.Müharibənin ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində strateji məntəqələrin azad edilməsilə Azərbaycan Ordusu öz əzəli topraqlarını düşməndən azad etməyə başladı.Oktyabrın 4-ü müzəffər Azərbaycan Ordusunun Cəlbrayıl şəhərini,9-da isə Hadrut qəsəbəsini işğaldan azad etməsilə “məğlubedilməz erməni ordusu” mifini yox etdi.

Moskva şəhərində 9-10 oktyabr tarixində Rusiya və Azərbaycan dövlət başçıları ,Ermənistan baş naziri ilə birgə 3 tərəfli görüş keçirildi.Bu görüşdə atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq Ermənistan dövləti öz terror siyasətinə son verməyərək atəşkəsi kobud sürətdə pozmağa davam etdi.Azərbaycan Ordusunun cavab tədbirləri həyata keçirməklə oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan azad etməsilə bərabər işğaldan azad olunmuş bu ərazilərə Azərbaycan bayrağının sancılması müzəffər ordumuzun və Azərbaycan xalqının ruh yüksəkliyini daha da artırırdı.Bütün Azərbaycan xalqının ürəyi Qarabağda döyünürdü.Ali Baş Komandanın çıxışları ilə xalqın qələbəyə olan inamı daha da artır,xalq milli birliyi qoruyub saxlayırdı.20 oktyabrda Zəngilan,25 oktyabrda Qubadlı və onların ətraf kəndlərinin,8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu öz qələbəsini dünya hərb tarixinə qızıl hərflərlə yazdı.10 noyabr tarixində Ermənistan tərəfinin kapitulyasiya aktına imza atması ilə Azərbaycan öz əbədi qələbəsini qazandı.Bütün xalq bu qələbə sevinci ilə küçələrə axışdı,şəhidlərimizin qisası alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi:“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi,Ordumuzun peşəkarlığını,hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.Şuşanın götürülməsi çox böyük peşəkarlıq,cəsarət tələb edən əməliyyat idi.Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır.Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan,meşələrdən,cığırlardan keçərək icra ediblər.Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

44 gün özündə milli qürur,milli iradə,əzm,qəhrəmanlıq,birlik,güvən əks etdirməklə bərabər Azərbaycan xalqının gücünü dünyaya sübut etdi,dünya məhz elə bu 44 gündə məğrur Azərbaycan xalqını yaxından tanıdı.Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “44  gündə bir gün belə olmadı ki,biz geri addım ataq”.44 günlük müharibə dövründə təkcə ön cəbhədə qazanılan qələbəmiz,Azərbaycan Ordusunun misilsiz taktika ilə sürətlə irəliləməsi deyil eyni zamanda Azərbaycan xalqının birliyi,Ali Baş Komandana inamı bütün dünya ictimayyətində heyrət doğururdu.Dünya birliyi 30 il ərzində məruz qaldığı ədalətsizliyinə göz yumduğu bu xalqın qüdrətinə şahid olmuşdu.Evlərinin bombalanaraq dağıdılması,günahsız insanların həlak olması,səngimək bilməyən atəş səsləri belə xalqın iradəsini,qələbəyə olan inamını qıra bilmədi.Evsiz qalan insanlar belə “Vətənə fəda olsun” deyirdi.Azərbaycan xalqı ordusuna öz dəstəyini həm maddi,həm də mənəvi mənada göstərirdi.Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə ordunun hər bir ehtiyacının tam təmin oldunduğu barədə xalqı məlumatlandırmasına baxmayaraq,hər gün orduya Vətənin hər bucağından geyim,ərzaq,tibbi ləvəzimat və s. kimi yardımlar göndərilirdi.Cəbhədə döyüşən əsgərlər öz müsahibələrində Ali Baş Komandanın çıxışlarından,xalqın birliyindən ilhamlanaraq daha da böyük əzmlə irəlilədiklərini bildirirdilər.“Ya Qarabağ,ya ölüm” xalqın dilində şüara çevrilmişdi.Xalq Prezident İlham Əliyevin rəsmi Twitter hesabından operativ paylaşımlarını böyük səbrsizliklə gözləyirdi.Qələbə xəbərlərini ilk Ali Baş Komandandan eşitmək xalqı daha da sevindirirdi.

Azərbaycan dövləti təkcə müharibə meydanında deyil,diplomatik cəbhədə də mübarizə aparırdı.Prezident İlham Əliyev öz diplomatik təcrübəsi və səlist dil biliyi ilə dünya KİV nümayəndələrində heyrət,Azərbaycan xalqında isə qürur doğururdu.Xarici mətbuat nümayəndələrinə verdiyi saysız müsahibələrlə dünya ictimayyətini Ermənistan tərəfinin təcavüzkar siyasəti ilə bağlı məlumatlandırırdı.Xarici mətbuat nümayəndələrinin Ermənistan tərəfinin Azərbaycan dövlətinin siyasəti və apardığı əməliyyatlar barədə yaydığı gerçəkliyə uyğun olmayan məlumatlarla əlaqədar ünvanladığı ittiham məzmunlu,qərəzli suallara əsaslı cavabları Azərbaycan xalqını qürurlandırırdı.Nümunə olaraq,Almaniya televiziya kanallarından birinin müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”  sualına prezident İlham Əliyev öz cavabında  “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? … Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir …” – deyə,bildirdi.Məhz bu çıxışı,uzun müddət KİV-də ön sıralarda yer almışdır.

30 il ərzində olduğu kimi 44 günlük “Vətən müharibəsi” dövründə də bir çox dövlətlər və təşkilatlar bu ədalətsizliyə son qoymaq əvəzinə sadəcə tərəfləri gərginliyi azaltmağa,müharibəni dayandırmağa çağırırdılar.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan xarici dövlətlərin və təşkilatların müdaxilələrinə,qərəzli və Azərbaycan dövlətinə qarşı əks mövqelərinə baxmayaraq onların qarşsında öz dövlətini qorudu,öz xalqına verdiyi vədlərinə sadiq qaldı və Azərbaycan xalqını daim irəliyə çağırdı,sonda şanlı qələbəyə öz imzasını atdı.Bu dövrdə bizə dəstək olan dövlətlərlə,başlıca olaraq Türkiyə Respublikası ilə dünyaya dostluğu və qardaşlığı nümayiş etdirdi.Müharibə dövründə və müharibədən sonra daim öz çıxışlarında Şəhidlərə ehtiramını,qazilərə,Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərməsi,qəhrəmanlıqlarını vurğulaması xalqın ona sevgisini daha da artırır.1 il əvvəl Orduya irəli əmri verən Ali Baş Komandan 1 il sonra “Anım Günü”ndə də irəlidə idi.Bu yürüşdə əlində şəhid fotosu ilə öz şəhidi ilə qürur duyduğunu,bütün şəhidlərə Vətən uğurunda göstərdiyi şücaətə görə təşəkkürünü və ehtiramını bildirdi.

Xalq da Ali Baş Komandanla birgə öz Şəhidləri ilə qürur duyur.Vətən uğurunda canlarından keçən bütün qəhrəmanlar,sağlamlığını itirən qazilər,həlak olan günahsız insanlar əbədi olaraq xalqın qəlbində yaşayacaq,gələcək nəsillər bu qəhrəmanlıq tarixini qürurla öyrənəcək!

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı,

Ayşən İbrahim qızı İsmayılova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki