Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub.
Veteninfo.az teleqraf.com-a istinadən bildirir ki, Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) öz ailəsi ilə birlikdə Məhəmməd Əliyevin anası Xanıma məxsus Mingəçevir şəhəri M.Mahmudov küçəsindəki mənzildə müvəqqəti yaşayıb. Həmin dövrdə Məhəmmədin Səbinənin əri Sahiblə evdə qalmağa görə aralarında münaqişə yaranıb.
Münaqişə zamanı Məhəmməd bıçaqla Səbinənin bud nahiyəsindən vuraraq ona xəsarəti yetirib.
Bundan sonra, Məhəmməd 2019-cu ilin sentyabrından oktyabr ayına kimi olan müddətdə mütəmadi olaraq Səbinənin əvvəllər onunla intim münasibətlərdə olduğu zaman çəkdiyi erotik şəkilləri onun qohumlarına göndərəcəyi və ya sosial şəbəkələrdə yayacağı ilə hədələyib, 2000 pul manat tələb edib.
Məhəmməd həmin pulu ala bilmədiyindən Səbinənin ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. O, giriş qapısını açdırmaq məqsədilə qonşuluqda yaşayan azyaşlı Ramili aldadaraq evin blokundan götürdüyü qəbzi ona verərək qapını döyüb və Səbinəyə verməsini xahiş edib.
Səbinənin qapını açmasından istifadə edərək gizləndiyi ikinci mərtəbəyə qalxan pilləkənlərdən aşağı düşüb, qapını zorla ibasaraq içəri keçməyə nail olub.
Səbinənin Məhəmməddən təkidlə getməsini, əks təqdirdə polisə xəbər verəcəyini deməsinə əhəmiyyət vermədən giriş qapısını içəridən bağlayıb. O, Səbinədən mütəmadi olaraq barəsində rüsvayçı məlumatlar yayacağı hədəsi ilə istədiyi 2000 manatı tələb edib.
Səbinə ona veriləsi pulu olmadığını bildirdikdə isə dizi ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. Daha sonra zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. Səbinəni divara sıxaraq özünə tərəf çəkməklə öpməyə çalışıb.
Qadının müqavimət göstərdiyini gördükdə isə onu zorla mənzilin hamam otağının qarşısına gətirib. Orada yerə yıxaraq, azyaşlı övladlarının gözləri qarşısında onu soyundurmağa cəhd edib. Lakin Səbinənin aktiv müqavimət göstərməsini görüb. Səbinənin müqavimətini qırmaq məqsədilə üzərində olan bıçağı çıxararaq onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub.
“Nişanımız pozuldu”
İstintaq orqanı tərəfindən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddələri ittiham elan edilib
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2017-ci ilin oktyabrında anası Xanımın xəstəliyi ilə əlaqədar Rusiyadan Azərbaycana qayıdıb: “Mingəçevir şəhərində anamla qonşuluqda kirayədə yaşayan Səbinə ilə münasibətlərimiz yarandı. Təxminən 15-20 gün ərzində Səbinə ilə telefon vasitəsilə əlaqə yaratdım. Sonra isə könüllü olaraq görüşüb, cinsi əlaqədə olduq.
Həmin vaxt Səbinə anamın telefonundan nişanlımın nömrəsini tapdı. O, nişanlımla danışaraq özünü mənim sevgilim kimi təqdim etdiyi üçün nişanımız pozuldu”.
“Cinsi əlaqədə olduq”
Məhəmmədin sözlərinə görə, anası 2018-ci ildə vəfat etdikdən sonra mənzildə tək qalmağa başlayıb: “Anamın 40 mərasimindən sonra Rusiyaya qayıtdım. Getməmişdən əvvəl Səbinənin əri Sahib gələrək bizim evimizdə yaşamağı təklif etdi. Sahib özü, arvadı Səbinə iki uşağı ilə birlikdə evimizə yığışdılar. Razılaşmaya əsasən Sahibdən kirayə pulu almadım. Əvəzində Sahib evdəki bəzi təmir işlərini görməyi öhdəsinə götürdü.
Rusiyada iki ay yarım qaldıqdan sonra Səbinənun övladının ad günü ərəfəsində Azərbaycana qayıtdım. Rusiyada olarkən də Səbinə ilə tez-tez telefonla əlaqə saxlamışdım. Ad gününə gələrkən Səbinəyə telefon, qızına sırğa aldım.
Qayıtdıqdan sonra öz evimdə Səbinəgillə birlikdə yaşadım. Həmin vaxt yenə də Səbinə ilə sevgi münasibətlərimizi davam edərək bir neçə dəfə cinsi əlaqədə olduq. Sahib səhərlər işə gedib, axşam gəlirdi”.
“Mənimlə barışdığını bildirdi”
Məhəmməd qeyd edib ki, Sahib Səlim adlı şəxsi özünün əmisi oğlu kimi təqdim edib: “Səlim evdə olmayanda Sahib Səbinənin yanına gedib-gəldiyinə görə onların arasında nə isə münasibətlərin olmasından şübhələndim.
Bir dəfə Səbinə ilə aramızda həm kirayə məsələsinə, həm də Səbinənin məni təhqir etməsinə görə mübahisəmiz yarandı. Səbinə pərdə asan vaxt mən də aşağıda əlimdə qayçı gözləyirdim. Bu zaman Səbinə özü yıxılaraq qayçıya batdı. Səbinə əvvəl məndən şikayət etsə də, sonradan ərizə yazaraq şikayəti olmadığını və mənimlə barışdığını bildirdi”.
“Məndən pul tapmağımı xahiş etdi”
Məhəmmədin sözlərinə görə, 2018-ci ilin dekabrında qohumları Səbinənin problemlərinə görə onu evdən çıxarıb: “Səbinəgil evdən çıxdıqdan sonra Rusiyaya qayıtdım. Rusiyada olduğum müddətdə yenə də Səbinə ilə münasibətlərimiz davam etdi. O, mənə başqa bir ünvanda kirayəyə köçdüklərini bildirdi.
2019-cu ilin yay aylarında Rusiyadan Azərbaycana qayıtmdım. Bir neçə gün sonra Səbinəgilin kirayədə qaldıqları evə getdim. Həmin dövrdə də Səbinə ilə mütəmadi görüşərək, cinsi əlaqədə olduq. Onunla əri işdə, uşaqları isə bağçada olarkən görüşürdük.
2019-cu ilin iyun-iyul aylarında Səbinə mənə müraciət edərək qardaşının nazirliklərdən birinə və ya hərbi sahəyə düzəlməsi üçün pul lazım olduğunu bildirdi, məndən pul tapmağımı xahiş etdi”.
“İzlədim, yaşadığı binanı tapdım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ilin yayında1800 manatı Səbinəgilin kirayədə qaldığı evdə qapının qarşısında ona verib.
“Bir müddət sonra 200 manat pulu apararaq yenə həmin evdə Səbinəyə verdim. 2019-cu ilin sentyabrın əvvəlində Səbinənin əri Sahib onun mobil telefonunda mənimlə yazışmalarımı görüb. Sahib Səbinənin adından mənimlə yazışdı və məndən Səbinə ilə çəkdirdiyimiz şəkilləri telefona göndərməyimi istədi. Özümün Səbinə ilə birlikdə olan, həmçinin Səbinənin intim xarakterli şəkillərini “Whatsapp”la göndərdim. Səbinə Sahibin şəkilləri və mesajları görərək onun adından ərizə yazmağa getməsini bildirdi.
Bununla bağlı məni Mingəçevir şəhər polis şöbəsinə çağırdılar. Orada telefonumda olan şəkilləri sildilər. Səbinəgillə barışıq olduğundan şikayətlərini geri götürdü.
Səbinənin barəsində şəkillərini yaymaqla hədələməsiylə bağlı şikayətindən sonra ona verdiyim pulumu istəməyə çalışdım. Səbinə mənə səhəri gün gələrək pulu götürməyimi dedi. Səhəri gün yenidən Səbinəgilə getdikdə evdə heç kimi tapmadım. Səbinənin ailəsi ilə birlikdə Yevlax rayonuna köçdüyünü bildim.
Bundan sonra Sahibin işlədiyi hərbi hissəyə getdim, işdən sonra evə gəlməsini izlədim, yaşadığı binanı tapdım”.
“Əlbəyaxa olduq”
Məhəmməd qeyd edib ki, 2019-cu ildə, səhər saatlarında dostu Bəxtiyarla birlikdə Mingəçevir şəhərindən Yevlax rayonuna Səbinəgilin evlərinə tərəf gedib: “Binalarının qarşısında gözləyərkən Səbinənin qızı ilə birlikdə gəldiyini gördüm. Ancaq Səbinə məni görmədi.
Təxminən 10-15 dəqiqə sonra Bəxtiyara məni binanın qarşısında gözləməyi tapşırdım, tezliklə gələcəyimi dedim. Səbinəgilin bloklarına girdim, orada azyaşlı uşağı görəndə üzərimdə olan qaz borcu ilə bağlı qəbzi həmin uşağa verdim. Ondan Səbinəgilin qapılarını döyüb, qəbzi həmin evə verməsini xahiş etdim. Özüm isə qapının ağzından yuxarı qalxan pilləkənə qalxdım, orada gözlədim.
Uşaq qapını döydü, Səbinə qapını açdığı vaxt mən də qapını itələyərək evə daxil oldum. Səbinədən verdiyim pulu istədim. Bu zaman aramızda mübahisə yarandı. Yaranmış münaqişə zamanı Səbinə məni itələyərkən köynəyimin qolundan tutduğu üçün köynəyimin sağ qol hissəsi cırıldı. Səbinə məni itələyərkən əlimdə olan kirayədə qaldığım evin açarı onun boğaz nahiyəsinə dəydi.
Səbinə yenə məni itələməyə davam etdikdə, mən də yumruqla onu vurmağa başladım və əlbəyaxa olduq”.
“Otelə gedərkən saxlanıldım”
Təqsirləndirilən şəxs bildirib ki, bu vaxt Səbinənin evdə olan uşaqları otaqdan çıxıb: “Səbinə ağlaya-ağlaya evdən çıxaraq getməyimi istədi. Evdən çıxıb aşağı düşdüm. Daha sonra Bəxtiyarla yaxınlıqdakı yola gedərək oradan taksiyə əyləşdik, əvvəlcə avtovağzala, daha sonra isə marşrutla Mingəçevir şəhərinə getdik. Daha Səbinə ilə əlaqəm olmadı.
Həmin günü Yevlax rayon polis şöbəsindən zəng edərək məni şöbəyə dəvət etsələr də, içkili olduğumdan getmək istəmədim. Sonrakı müddətdə Gəncə, Goranboy, Ağdaş rayonlarında qonaq kimi tanışlarımın evində qalmışam.
2020-ci ildə axşam saatlarında Mingəçevir şəhərində yenidən “Səməni” oteldə işləmək üçün otelə getmək istəyərkən yaşadığım evin yaxınlığındakı dayanacağa çatmamış 3 nəfər Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldım. Yevlax rayon polis şöbəsinin əməkdaşlarına təhvil verildim”.
“Xanımın oğlu evə gəlib-getməyə başladı”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, ərinin işi ilə əlaqədar 2017-ci ildən Mingəçevir şəhərində kirayədə yaşamağa başlayıblar: “Əvvəl Hüsniyyə adlı qadına məxsus olan mənzildə, 2018-ci ilin fevralından isə Xanım adlı qadının mənzilində irayədə yaşamışıq.
Məhəmməd Xanımın evində qaldığımız müddətdə tanımışam. Xanım vəfat etdikdən sonra övladları sağlığında ona qulluq etdiyim üçün evində pulsuz qalmağımız icazə verdilər. Biz kirayə haqqının əvəzinə evin bəzi yerlərini təmir etdirdik. Həmin evdə qaldıqdan 2-3 ay sonra Xanımın oğlu Məhəmməd həmin evə gəlib-getməyə başladı”.
“Məhəmmədlə ərim arasında mübahisə yarandı”
Səbinə qeyd edib ki, 2018-ci ilin martında həmin evdə təmir işləri görərkən onunla söhbət etdikləri vaxt Məhəmməd ondan xoşu gəldiyini deyib: “Bu vaxt qəflətən məni döşəməyə yıxdı, ağzımı tutaraq şalvarımı çıxardı, mənimlə cinsi əlaqədə oldu. Onu özümdən itələməyə çalışsam da, gücüm çatmadı. Cinsi əlaqədə olduqdan sonra Məhəmməd getdi. Bu barədə heç kimə heç nə demədim.
Qaldığımız 8-ci ayda Xanımın Türkiyədə yaşayan qızı Nuriyyə ərim Sahibdən kirayə pulu verilməsini istədi. Ərim də razılaşdıqdan sonra Nuriyyə bizə aylıq 90 manat pulu qardaşı Məhəmmədə verilməsini bildirdi.
Ərim Məhəmmədə bir ay 80 manat kirayə haqqı verdi. 10 manat çatışmazlığa görə Məhəmmədlə ərim arasında mübahisə yarandı. Mən də Məhəmmədə iradımı bildirdim”.
“Məni hədələdiyi üçün qorxdum”
Səbinənin ifadəsinə görə, səhəri gün qızını və oğlunu bağçaya aparıb: “Evə qayıdarkən Məhəmməd mənimlə birlikdə evə daxil oldu və məndən bir gün əvvəl Sahibin yanında niyə onunla kobud danışmağımı soruşdu. Məhəmmədə özünün bizə qarşı hörmətsizlik etdiyini bildirdim.
Bu vaxt Məhəmməd evdən götürdüyü və arxasında gizlətdiyi bıçağı çıxararaq məni vurdu. Xəstəxanada Məhəmməd məni hədələdiyi üçün qorxdum.Guya evdə pərdə asarkən qayçı batdığını bildirdim.
Lakin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı məndən izahat alarkən hadisənin necə baş verməsini danışdım. Məhəmməd həmin hadisədən sonra Rusiya Federasiyasına getdi. Məhəmmədin bacıları və bacısının əri məndən şikayət ərizəmi geri götürməyimi xahiş etdikdən sonra ərizə yazaraq şikayətimi geri götürdüm. Bir müddət Məhəmməd Azərbaycanda olmadığından onu görmədim”.
“Ərimdən boşanmağımı istədi”
Səbinə bildirib ki, 2018-ci ildə Məhəmmədgilin evlərindən köçüblər: “2019-cu ilin iyununda rəfiqələrim və uşaqlarımla birlikdə Mİngəçevir şəhərində “Dostluq” parkında oturduğum vaxt Məhəmmədi iki nəfər digər şəxslə birlikdə gəzərkən gördüm. Bir gün sonra Məhəmməd nömrəmə zəng edərək qayıtdığını bildirdi, yenidən məni təhdid edərək onunla münasibətimin olması barədə ərimə xəbər verəcəyini dedi. Mənim ərimdən boşanmağımı istədi. Özünün mənimlə evlənəcəyini və evi də adıma keçirəcəyini vəd etdi.
2019-cu ilin avqustun əvvəlində Məhəmməd məni izlədi, yaşadığım evi öyrəndikdən sonra parkdan evə qayıdarkən arxamca açıq qapıdan evə daxil oldu. Uşaqlarım Məhəmmədi görməməsi üçün hamamda gizləndi.
Uşaqları rahatladıqdan sonra Məhəmməd mətbəxə keçdi. Bu zaman Məhəmməd yenə də məni hədələyərək ərimdən boşanmağımı istədi”.
“Məni intim görüntülərimlə hədələdi”
Səbinənin sözlərinə görə, 2019-cu ilin təxminən avqustunda Məhəmmədlə şəhərdə rastlaşıb: “Ondan xəbərsiz şəhərə çıxdığım üçün əsəbiləşdi, arxamca gəldi, qolumdan tutaraq məni kirayədə yaşadığım evə apardı. Orada döyməyə başladı. Bu zaman xəsarət aldım. Xəsarət aldığım üçün Məhəmməd mənim qolumu bintlə sarıdı. Mənimlə cinsi əlaqədə oldu.
O, cinsi əlaqədə olmağımızı telefona çəkdi. Məhəmmədə şikayət edəcəyimi bildirsəm də, məni intim görüntülərimlə hədələdi. Həm də mənimlə skype vasitəsilə danışarkən olan yarıçılpaq və paltarlı şəkillərimi götürərək ərimə göndərdi. Evə gəldikdən sonra ərimə Məhəmməd barədə danışdım”.
“Ərimə əxlaqsız qadın olduğumu dedi”
Səbinə ifadəsində göstərib ki, bu hadisədən sonra Məhəmməd əri Sahibə onun intim xarakterli şəkillərini və videoları göndərib: “Ərimə mənim əxlaqsız qadın olduğumu dedi. Sahib artıq məndən boşanmaq dərəcəsinə çatdı. Sahibin təkidi ilə Məhəmmədin qoluma xəsarət yetirməsi və məni şantaj etməsi ilə bağlı yenidən ərizə ilə Mingəçevir şəhər polis şöbəsinə müraciət etdim.
Məhəmməd şəkilləri mənim ailə üzvlərimə göndərəcəyi və məni daha da biabır edəcəyi ilə hədələyərək şikayətimi geri götürməyimi istədi. Məhəmməd Sahil adlı iş yoldaşı vasitəsilə polis şöbəsinə kağızda özünün artıq mənə yaxınlaşmayacağı və şəkilləri telefondan silməsi barədə izahat yazaraq mobil telefonla birlikdə göndərdi.
Mobil telefondan şəkilləri silərək kartı da sındırdıqdan sonra bu dəfə də ərizəmi geri götürdüm”.
“İstədiyi pulu verə bilməyəcəyimi bildirdim”
Səbinənin ifadəsinə görə, bundan sonra ailəsi ilə birlikdə Yevlax rayonuna köçüblər: “Buna baxmayaraq Məhəmməd 2019-cu ilin sentyabr-oktyabr aylarında mütəmadi olaraq müxtəlif şəxslərdən söz göndərməklə mənə məxsus lüt şəkillərimi yayacağı ilə hədələdi, 2000 manat istədi.
Sonuncu dəfə uşaqlarını evdə yatızdıran zaman qapı döyüldüyünə görə gözlükdən baxdım, qonşumuzun oğlunun qapını döydüyünü gördüm. Uşaqdan nəyə görə qapını döydüyünü soruşdum. Çek verəcəyini bildirdiyinə görə qapını bir az açdıqda qəflətən Məhəmməd yuxarı pilləkənlərdən aşağıya doğru hücum etdi, qapını qəfil itələyərək içəri keçdi.
<Evə daxil olduqdan sonra məni təpiklə bir neçə dəfə vuraraq qapını açarla içəridən bağladı. Sonra məni divara tərəf sıxdı, özünə tərəf çəkərək öpmək istədi. Onu itələyərək getməsini istədim. Məhəmməd isə ağzımı tutaraq hamam tərəfə apardı. Mənə nəyə görə 2000 manatı vermədiyimi soruşdu. Pulumun olmadığını və Məhəmmədə istədiyi pulu verə bilməyəcəyimi bildirdim”.
“Bıçaqla boğazımdan vurdu”
Səbinə ifadəsində qeyd edib ki, bundan sonra Məhəmməd ona soyunmalı olduğunu deyib: “Razılaşmadıqda əvvəlcə mənim əynimdə olan maykanı cıraraq çıxartmağa və məni yerə yıxaraq özü də şalvarını açmağa çalışdı. Yerə yıxıldıqdan sonra Məhəmmədin hərəkətlərinə artıq tab gətirə bilmədiyimdən mətbəxə qaçdım, bıçaq götürməyə çalışdım. Ancaq Məhəmməd saçımdan tutaraq yenidən məni yerə yıxdı. Həmin vaxt artıq uşaqları da səs-küyə yataq otağından çıxdı və məni həmin vəziyyətdə görərək ağlamağa başladılar.
Məhəmməd mənimlə cinsi əlaqədə olmağa razı olmayacağımı və pulu verməyəcəyimi gördü. O, şalvarının yan cibindən açılıb-qatlanan bıçağı çıxararaq məni qorxutmaq və cinsi əlaqəyə razı salmaq üçün əvvəlcə iki dəfə yan tərəfimdən, daha sonra isə bir dəfə də boğazımdan vurdu.Azyaşlım oğlum ağlayaraq Məhəmmədi məndən aralamağa çalışdıqda, Məhəmməd əli ilə oğlumu da itələdi. Bundan sonra boğazımdan qan gəldiyini və uşaqların qışqırmasını görən Məhəmməd qorxaraq evdən getdi”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baxılıb.
Məhəmməd 7 il müddətinə azadlıqdan məhrum edilib.