Deputat Cavanşir Feyziyevin seçicilərlə növbəti görüşü Şəki rayonunun Baş Küngüt və Aşağı Küngüt kəndlərində davam edib. Bu barədə mətbuata açıqlama verən deputat köməkçisi Akif Salam bildirib ki, seçicilər pandemiyanın qarşısının alınması ilə bağlı dövlət tərəfindən həyata keçirilən profilaktika tədbirlərini dəstəklədiklərini və peyvəndləmə tədbirlərində fəal iştirak etdiklərini bildiriblər. Deputat Aşağı Küngüt kəndində Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən təşkil olunmuş səyyar peyvənd mərkəzinə də baş çəkib. Mərkəzdə artıq kənd sakinlərinin 80 %-dən çoxuna Covid-19 əleyhinə peyvənd vurulması haqqında məlumat verilib.
Hər iki kənddə keçirilən görüşlərdə seçicilər həyat və məişət şəraitləri barədə danışıb. Kənd sakinləri əkin-biçin mövsümündə torpaqların suvarılması ilə bağlı çətinliklərlə üzləşdikləri barədə deputata müraciət edib, bir neçə km məsafədə mövcud olan su mənbəyindən kəndin əkin sahələrinin suvarılması üçün kanal çəkilməsinin vacibliyini vuröulayıblar. Müəllimlər və valideynlər Aşağı Küngüt kənd orta məktəbində cari təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildiriblər. Kənd İcra Nümayəndəliyinin rəhbəri, Bələdiyyə sədri və məktəbin müəllimləri ilə birlikdə orta məktəb binasına baxış keçirilib. Deputat Cavanşir Feyziyev kənd sakinlərini Covid-19 virusuna qarş mübarizəyə səfərbər olunmağa, Operativ Qərargah tərəfindən verilən tövsiyyələrə ciddi əməl etməyə çağırıb və qaldırılan məsələlərlə bağlı lazımi işlərin görülməsi üçün müvafiq icra qurumlarına müraciət edəcəyini bildirib.