image-seferbackend

Səfər Mehdiyev:Rüşvətxor gömrükçülərin adlarını çəkin!..”

image-reklam_sirab_01

Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin sıx iş qrafiki 48 yaşlı general-polkovnik Səfər Mehdiyevlə çoxdan gözlənilən görüşümüz üçün yeganə maneə idi.

Səfər Mehdiyev Gömrük xidmətinin rəhbəri vəzifəsinə təyin olunandan dərhal sonra mən də daxil olmaqla jurnalistləri dəvət etdi, ən kəskin və aktual sualları səsləndirməyə çağırdı, gələcək fəaliyyətində bütün ictimaiyyət üçün açıq və şəffaf olacağına vəd verdi. Gömrük Komitəsinin sədrinin otağında səsləndirdiyim ilk suallar inhisarçılıq, korrupsiya  və nepotizmlə mübarizənin zəruriliyinə həsr olundu.  Təsdiqləyim ki, nüfuzlu məmurun kabinetinin divarları üçün qeyri-adi olan bu hadisə mənim özümü də təəccübləndirmişdi.

Ancaq Mehdiyev əvvəlki stereotipləri dağıtdı, ölkənin baş gömrükçüsünün toxunulmaz və möhtəşəm obrazını qırdı. O, Azərbaycan hökumətinin əksər üzvlərindən daha çox ünsiyyətə açıq və əlçatan oldu…

Üç il keçəndən sonra günün ən mühüm və aktual sualları ilə silahlanaraq Səfər Mehdiyevlə söhbətə tələsirəm.  Yolda adətim üzrə feysbuku açır və Gömrük Komitəsinin şəhərin mərkəzindəki əfsanəvi binasının yaxınlığında tikilməkdə olan yeni inzibati binası haqqında dedi-qoduçuların qızğın mübahisələri ilə qarşılaşıram:  şişirdilmiş məmur aparatı üçün inzibati binalara niyə bu qədər büdcə pulu sərf olunur?

 

Səfər Mehdiyev

Səfər Mehdiyevlə qəbul otağında görüşəndə söhbəti məhz bu aktual sualdan başlayıram. Ünsiyyətdə sadədir, çay təklif edir, səmimi söhbətə şərait yaradır.  Vacib söhbətə hazırlaşarkən gecə boyu üzərində düşündüyüm sualları portfeldən çıxarıram. Mehdiyev diqqətini toplayıb…

Beləliklə, “Eynulla Fətullayevin söhbətləri” rubrikasının bugünkü qonağı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevdir.

– Bildiyim qədər, yeni bina artıq bir neçə ildir inşa edilir. Niyə bu tikinti ətrafında ajiotaj məhz indi yaranıb?

– Biz ictimaiyyəti tikintinin başlanması, habelə yeni inzibati binanın tikintisinin səbəbləri ilə bağlı dəfələrlə məlumatlandırmışıq.  Komitənin yarandığı vaxtdan bəri yerləşdiyi köhnə bina, o cümlədən idarəetmə sistemində müasir informasiya texnologiyalarının tətbiqini nəzərə alsaq, bugünkü tələbatlarımıza cavab vermir. Unutmayın, biz rəqəmsal ticarətin, risklərin idarəolunma metodologiyalarının və çoxfunksiyalı operativ fəaliyyətin  gündəlik təkmilləşdiyi dövrdə çalışırıq. Və bizim fəaliyyətimizdə transformasiyalar Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının tələbləri əsasında baş verir.  Sovet dövrünün balaca və köhnə inzibati binasında rəqəmsal texnologiyaların tətbiqini təmin etmək çox çətindir.  Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, bizim idarənin hər mərtəbəsində sahəsi 15-20 kv.m. olan otaqlarda 5-7 əməkdaş yerləşib.  Gedib baxa bilərsiz.  Ona görə də bizim büdcədən kənar vəsaitlər fondumuzun hesabına yeni inzibati binanın inşası ilə bağlı qərar verildi.  Tikinti işləri bir ilə yaxındır davam edir.

Görünür bizim uğurlarımız və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması üçün fəaliyyətimiz kimlərinsə tamahkar maraqlarına toxunur.  Anlaya bilmirəm, axı söhbət dövlətə məxsus binanın tikintisindən gedir.  Bu, kiminsə mülkiyyəti deyil. Və burada bütöv bir idarənin əməkdaşları çalışacaq.  Burada pis nə var? Bizə tez-tez Ümumdünya Gömrük Təşkilatından və digər ölkələrin gömrük xidmətlərindən yüksək vəzifəli qonaqlar gəlir.  Bakıda dünya gömrüyünün müasir çağırışlarına həsr olunan seminarlar, konfranslar, dəyirmi masalar keçirilir.  Yeni binada dünya əhəmiyyətli tədbirlər təşkil olunacaq.  Bu təşəbbüsdə kimlər və niyə mənfi cəhət axtarırlar?  Axı bu, bizim xidmətimizin, ölkəmizin beynəlxalq tərəfdaşlar arasında imicini yüksəldir, elə deyilmi?

Eynulla Fətullayev

– Gömrük Komitəsi – dövlət hakimiyyətinin xüsusən də sosial şəbəkələrdə və aztirajlı mətbuatda permanent olaraq hücumlara məruz qalan orqanlarındandır.  Mayakovskinin sözlərini dəyişdirib demək olar ki, əgər ulduzlar tez-tez yanırsa, deməli, bu, kiməsə lazımdır.  Sizcə, bu hücumlar təşkil olunmuş xarakter daşıyır? Bu hücumların digər fiskal orqanlardan yan keçməsi qəribə deyilmi?  Mən Vergi xidmətinə bu cür hücumları indiyədək görməmişəm…  Sizə və sizin xidmətə bu cür səylə və tezliklə hücum edən kimlərdir?

– Siz çox maraqlı suala toxundunuz.  Bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır.  Özümə sual verirəm:  doğrudanmı, bu sifarişdir. Ehtimal ki bəli. Bizim üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır.  Üstəlik, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur.

Ancaq mən ruhdan düşmürəm, məqsədə çatmaq üçün dayanmamaq lazımdır.  Və biz ölkənin gömrük sistemində islahatları davam etdiririk.  Bəli, bizdə də mənfi hallara rast gəlinir.  Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik.  O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq.  Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır.

– Sosial şəbəkələrdəki qızğın mübahisələrin doğurduğu bu müqəddimədən sonra əsas konseptual problemlərə keçək.  Bəllidir ki, iqtisadiyyatın inkişafı fiskal (vergi və gömrük yığımları) və pul-kredit siyasəti sahələrində qəbul olunan qərarlardan asılıdır. Həyata keçirilən fiskal siyasət monetar siyasətlə ziddiyyət təşkil etməməlidir. Bu məsələ ilə bağlı vəziyyət bizim ölkəmizdə necədir?  Bu qarşılıqlı əlaqənin tədqiqi necə həyata keçirilir?  Bu qarşılıqlı əlaqənin ölkəmizin iqtisadiyyatında əksini tapdığına siz nə dərəcədə əminsiniz?

– Tam əminliklə deyirəm ki, bizim ölkəmizdə uğurlu fiskal və monetar siyasət aparılır, makroiqtisadi proseslər uğurla tənzim olunur.  Azərbaycan 2008-ci ildən başlayaraq dünya maliyyə piramidasının çökməsi, neft qiymətlərinin kəskin düşməsi, maliyyə böhranı və pandemiyanın yaratdığı əlverişsiz vəziyyətlə əlaqədar olan bir neçə mürəkkəb iqtisadi böhranın öhdəsindən gələ bilib.  Şübhəsiz, dünya iqtisadiyyatının yaşadığı şok Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Ancaq nəticələrdən danışaq.  Azərbaycan uğurlu makroiqtisadi, həmçinin fiskal və monetar siyasət hesabına böhranın dərinləşməsindən qaça bilib, vəziyyəti düzəldib və iqtisadi artımı (o cümlədən, qeyri-neft sektorunda) təmin edib. Bu, prezident İ.Əliyevin böyük xidmətidir.  Pul-kredit siyasətinin həyata keçirilməsində qabaqlayıcı tədbirlər, o cümlədən valyuta kursunun tənzimlənməsi, məqsədyönlü sərmayə strategiyası hesabına böhranın kulminasiyası dövründə riskləri minimuma endirmək mümkün olub.  Son illərin böyük nailiyyəti neftdən asılılığın zəifləməsi və qeyri-neft sektorunun inkişafıdır.

– Tənqid edənlərin Gömrük Komitəsinə ünvanladığı əsas arqument sərt  gömrük yığımı siyasətinin aparılması ilə bağlıdır.  Yəni, sahibkarlar üçün çətin dövr olan pandemiya dövründə çoxdan gözlənilən liberallaşma baş verməliydi. Bunun əvəzində isə iş adamları daha sərt fiskal siyasətlə qarşılaşdılar.

– Maraqlı sualdır.  Mənim Komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb.  Statistikanı qaldırıb baxın.  Əksinə, bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub.  Siyasətin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı deyiləm.  Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların  sərtləşdirilməsi siyasətini şərtləndirir.  Biz azad rəqabət prinsipini  bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq.  Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur.  Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub.  Biz inhisarçılara “Yox” deyirik!  Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm,  əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram.  Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!

– Daha bir narahatlıq qarşısıalınmaz qiymət artımı ilə bağlıdır.  Ölkədə az qala hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu narahatlığı bir qədər əvvəl parlamentdəki çıxışında Baş nazir Əli Əsədov da bölüşüb.  Onun fikrinə görə, qiymət artımı Azərbaycan iqtisadiyyatının idxaldan yüksək asılılığı və bütün dünyada ərzaq məhsullarının bahalaşması ilə bağlıdır.  Daha da dərinləşəcək bu vəziyyətdən çıxış yolu milli istehsalın genişləndirilməsində və iqtisadiyyatın idxaldan asılılığını azaltmaqdadır. Nə etməli?

– Xüsusən də ərzaq məhsullarının idxalından asılılığı azaltmaq prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir.  Baş nazirin narahatlığı əsassız deyil.  Ancaq biz aqrar sektorda istehsalın artması sahəsində böyük uğurlara nail olmuşuq.  Eyni zamanda, Azərbaycan aqrar istehsalın bir çox sahələrində idxaldan asılılığı nəinki azaldıb, həm də öz mallarını ixrac etməyə başlayıb.  Qeyri-neft sektorunun böyük hissəsini məhz tərəvəzçilik və meyvə ixracı təşkil edir.  Ancaq Baş nazir düzgün vurğulayıb ki, idxal olunan məhsullar inflyasiya və qiymət artımını şərtləndirir və iqtisadi sabitliyi pozur.  Nə qədər ki bizdə idxaldan asılılıq yüksək olacaq,  ərzaq məhsullarının qiymətlərində artım təhlükəsi də qalacaq.  Dünya bazarlarında bəzi ərzaq məhsulları 30-40% bahalaşıb.  Bununla belə təkrarlamaq istərdim ki, Azərbaycanda ərzaq idxalından asılılıq ildən ilə azalır.  Və bu, ümidvericidir.

O ki qaldı birbaşa sizin qiymət artımı ilə bağlı sualınıza, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil.  Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor – yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir.  Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır.

– Ancaq milli istehsalın inkişafı üçün inqilabi fiskal islahatı tələb olunur.  Vergi və rüsumların azaldılması yaxın perspektivdə yığımların azalmasına səbəb olsa da, uzaq perspektivdə azad iqtisadiyyatın genişlənməsinə təkan verər.  Velosiped kəşf etmək nəyə lazım – gözümüzün önündə BƏƏ və Sinqapur misalı var. Siz bu postulatla razısınızmı ki, ticarətin inkişafı üçün ilkin şərtlər hazırlayan ölkələr gələcəkdə iqtisadiyyata sərmayə axınını da təmin edirlər?

– Sizinlə razıyam. Ancaq əvvəlcə bizi gömrük yığımları sahəsində sərt fiskal siyasət yürütməkdə ittiham edən tənqidçilərimizin mövqeyinə dönmək istəyirəm. Sərt fiskal siyasət dedikdə biz nəyi nəzərdə tuturuq?  Büdcə gəlirlərinin uğurlu artımını təmin edən yüksək vergilər, yüksək gömrük tarifləri.  Diqqət edin, idxal olunan malların təqribən 56-60 faizi gömrük rüsumlarından azad edilib!  Bu nədən xəbər verir?  10 milyard manat təşkil edən ümumi idxalda 6 milyard manat dəyərində mallar rüsumdan azaddır.  Bu, demək olar Azad İqtisadi Zonadakı kimidir.  O ki qaldı dəyəri 4 milyard manat olan yerdə qalan mallara, onların yalnız 18%-dən 15% vergi tutulur, yerdə qalanların spesifik rüsumları isə 5%  və daha aşağıdır.  Bu il 11 milyard manat həcmində idxal proqnozlaşdırılır. İdxal olunan malların yalnız 2,5 milyard manat dəyərində olanlarından vergi tutulur, bu da bizim tənqidçilərimizin söylədiyi ”sərt fiskal siyasəti”.  Yəni, ümumi axının yalnız  15%-indən. Beləliklə, bizim Dubaydan fərqimiz yalnız ümumi idxalın 20%-nə olan münasibətdədir.  Daha bir əhəmiyyətli amil –  MDB ölkələrindən idxal olunan bütün mallar “Azad İqtisadi Zona” müqavilələrinə uyğun olaraq rüsumlardan tamamilə azad edilib.

Gəlin, digər ölkələrdəki vəziyyətlə müqayisə edək.  Aydın məsələdir, Qərbi Avropa ölkələri ilə analogiyalar onların iqtisadiyyatının yüksək səviyyəsini nəzərə alsaq uğursuzdur.  Əgər inkişaf etməkdə olan ölkələrlə müqayisə aparsaq, Azərbaycandakı gömrük rüsumları və vergilər daha aşağıdır.  Misal üçün, Türkiyədə elə mallar var ki, onlardan 300%, 200%, 150% həcində vergi tutulur…  Milli istehsalı qoruyan və həvəsləndirən bu fiskal siyasətini sərt adlandırırlar.

Eyni vəziyyət ƏDV-nin tətbiqi ilə də bağlıdır, ƏDV idxal olunan malların yalnız 20-25 faizinə tətbiq olunur.  İqtisadiyyatın liberallaşması, azad ticarətin inkişafı, yerli sənayenin formalaşması və aqrar sektorun inkişafı məqsədilə imtiyazlar tətbiq edilir.  Tam məsuliyyətlə deyirəm ki, gömrük yığımları sahəsində sərt fiskal ticarətlə bağlı uydurmaların heç bir əsası yoxdur.

Azərbaycan əvvəllər on minlərlə ton toyuq əti idxal edirdi.  İndi isə biz bu sahədə ixracatçıyıq.  Eyni vəziyyət toyuq yumurtasına, tərəvəz və meyvələrə  də addir. Yaxud tikinti materialları sahəsini götürək. Azərbaycan sement, klinker, armatur istehsal və artıq ixrac edir…  Məgər bu, qeyri-neft sektorunun inkişafının təzahürü deyil?  Bizim vəzifəmiz isə daxili bazarın və milli istehsalçının qorunmasından ibarətdir.

– Ancaq biz daima xırda və orta sahibkarların şikayətlərini eşidirik.  Əgər hər şey bu cür inkişaf edirsə,  niyə iş adamları fiskal orqanlarından şikayətçidirlər?  Milli biznesin problemləri tez-tez Milli Məclisin deputatlarının çıxışlarında da öz əksini tapır!  Bu paradoksu necə izah edirsiniz?

– Əvvəlcə “Kim şikayətlənir” sualına cavab verək.  İstehsalçı, yoxsa makler, vasitəçi?  Azərbaycanda xırda və orta sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı proqramlar yaradılıb və fəaliyyət göstərir.  İqtisadiyyat Nazirliyinin nəzdində xüsusi Agentlik yaradılıb, digər müəssisələr biznesin həvəsləndirilməsi və inkişafı işinə qoşulub, subsidiyalar, güzəştli kreditlər ayrılır…  Milli biznesin inkişafı üçün tam kompleks tədbirlər hazırlanıb.  Əgər sahibkar istehsal və ticarətdə düzgün strategiya qurursa, dövlət strukturlarından şikayətlənməyə heç bir səbəb qalmır.  Başqa sualdır ki, bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər.  Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar.  Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil.  Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur.  Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır.  Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır.

Faktların dili ilə danışaq. Bu il minlərlə iş adamını qəbul etmişik.  Onların təklif, təşəbbüs, istəklərini diqqətə almışıq.  Demirəm ki, biz ideal işləyirik.  Əlbəttə, bizim də səhv və nöqsanlarımız olur.  Ancaq onları dərhal düzəldirik.  Milli qanunvericilikdə də çatışmazlıqlar var, onları ümumiləşdirmişik və yaxın zamanda parlamentin müzakirəsinə təqdim edəcəyik.

– Gömrük Komitəsində sahibkarların şikayətlərinin statistikası aparılırmı?  Məsələn, ötən ay neçə iş adamı şikayətlə müraciət edib?

– İndi sizin diqqətinizə bizim xidmətimizin Bakı hava limanındakı fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı iş adamları arasında aparılmış sorğunun nəticələrini təqdim edirəm. Onların 4%-i gömrükçülərimizin fəaliyyətindən tamamilə narazıdır. 38% – razıdır…  Bu cür sorğular aparırıq.

Digər misal.  Əgər gömrük xidmətində prezident İ.Əliyevin başlatdığı köklü islahatlara qədər ixrac-idxal əməliyyatlarına 7 minə yaxın sahibkar cəlb olunmuşdusa, artıq indi, islahatlardan sonra bu rəqəm 32 min nəfərə yüksəlib!  Bu rəqəmlər nədənsə xəbər verir, düzdür?!

– Maraqlı statistikadır. Məni təəccübləndirdi!

– Bu, ölkədə liberal xarici ticarət siyasətinin yaranmasından xəbər verir.  Bu, xırda və orta sahibkarların böyük ordusuna xarici ticarətə fəal şəkildə qatılmağa imkan yaradan liberal qanunvericiliyin fəaliyyətdə olmasını təsdiqləyir.

Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur.  Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm – bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!

– Bizim redaksiyamıza da gömrük orqanlarından şikayətlər daxil olur. Ancaq korrupsiya və rüşvətxorluqla bağlı heç kim şikayətlənməyib. Hamı inhisarçılıqdan şikayət edir.

(Ardı var)

Virtualaz.org

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki