Bu gün “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində ikinci onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.
“Vətən Bağı” STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev təlimin mahiyyəti və aktuallığı haqda iştirakçılara məlumat verib, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb. Natiq belə layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib, gələcək layihələrdə də şəhid və qazi ailələrinə diqqətin ayrılacağına ümidvar olduğunu bildirib. Sonra söz layihənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyevə verilib.
Təlimçi Samir Mehdiyev bildirib ki, ilk təlimdə sosial media ilə tanışlıq, kiçik və orta bizneslər üçün sosial media statistikaları haqda danışılıb. Rəqəmsal bacarıqların inkişafında mühüm elementləri diqqətə çatdıran təlimçi bu təlimdə sosial media ilə işin effektiv nəticəsi haqda iştirakçıları məlumatlandırıb. Təlimçi sosial media ilə effektiv işin təşkili nəticəsində istənilən sahədə uğur qazanmağın mümkünlüyünə diqqət çəkib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilib.