image-img-20231111-wa0011backend

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub

image-reklam_sirab_01

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.
Qeyd edilməlidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur.
Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana edib. Bu, da iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
Vurğulanıb ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu gün hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.
Hazırda ölkəmizdə münbit sərmayə iqlimi mövcuddur. Bunu da nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Qeyd edilib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Hazırda Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb.
Bu gün ECO-yadaxıl olan ölkələr arasında əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
Hazırda Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Həmçinin son vaxtlarda rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.
Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Toplantıda da qeyd edildiyi kimi təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki