“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən müxtəlif təşkilatlarda çalışan 40-dan çox sosial işçinin iştirakı ilə təlim və dəyirmi masa keçirilib.
Görüşün məqsədi müxtəlif sahələrdə çalışan sosial işçilərin İİV, cinsi yolla ötürülən infeksiyalar (CYYİ), İİV-in profilaktikası və gender sağlamlığı barədə biliklərini artırmaq olub. Tədbir zamanı sosial işçilərə bu mövzularla bağlı müraciət edən şəxslərlə düzgün ünsiyyət qurmaq və onlara ilkin dəstək göstərmək barədə məlumat verilib.
Xüsusilə vurğulanıb ki, sosial işçilər İİV-lə yaşayan və ya gender sağlamlığı ilə bağlı problemi olan şəxslərlə işləyərkən qorxu və ya yanlış münasibət göstərməməli, onları düzgün məlumatlandırmalı və ehtiyac olduqda ixtisaslaşmış xidmətlərə yönləndirməlidirlər.
İştirakçılara “Gender və Tərəqqi”nin göstərdiyi xidmətlər barədə də məlumat verilib və onların fəaliyyət istiqamətinə uyğun olmayan müraciətləri təşkilata yönləndirə biləcəkləri bildirilib.
Belə təlimlərin müxtəlif sahələrdə çalışan sosial işçilərin biliklərini artırması İİV-in profilaktikasına, erkən yönləndirməyə və insanların müvafiq xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfə verir.


























