Üçrəngli müqəddəs bayrağımızın oktyabrın 15-də tarixi şəhərimiz Xankəndinin mərkəzində cənab Prezident İlham Əliyev tərəfindən ucaldılması bu torpaqların kimə məxsus olduğunu bir daha bütün dünyaya sübut edir.
Əlbətdə Azərbaycan xalqı olaraq hər birimiz çox sevincli və qürurlu günləri yaşayırıq. Bu qələbə, bu sevinc heçdə təsadüfi deyil və asan əldə edilmədi. Keçən 30 il ərzində beynəlxalq təşkilatların və beynəlxalq güclərin Azərbaycana qarşı ikili münasibəti, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına olan cəhdlər bizim qarşımızda maneələr törədirdi. Amma Azərbaycan hər fürsətdə doğma torpaqlarının işğalı ilə heç zaman barışmayacağını bəyan edirdi. Öz müqəddəs məqsədinə çatmaq üçün ordu və iqtisadi sahədə ciddi islahatlar və hazırlıqlar içərisindəydi. Və nəhayət 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən savaşı bu həsrətə, bu misgilə, bu ədalətsizliyə son qoydu. Bütün bunlar dərin düşünülmüş uzaqgörən siyasətin, yorulmaz enerjinin və dəmir iradənin bəhrəsidir.
Düz 20 il bundan əvvəl 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin “Qurani-Kərim”ə və Konstitusiyaya əl basaraq verdiyi sözləri hər birimiz çox yaxşı xatırlayırıq. Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyini, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz verən cənab Prezidentin biz bu 20 il ərzində verdiyi sözləri, qarşıya qoyduğu vəzifəri necə böyük ustalıqla icra etdiyinin şahidi oluruq. Söz sahibi və sözünün sahibi olan İlham Əliyev gələcək nəsillərə bütöv Azərbaycanı ərmağan elədi.
Sevindirici haldır ki, Heydər Əliyevin 100 İlliyi ulu öndərin adına layiq şəkildə heç zaman unudulmayacaq tarixi zəfərlərlə yadda qalacaq. Əminik ki, bu gün Azərbaycanın xilaskarı ulu öndərin əziz ruhu şaddır, şaddır ona görə ki, o, hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əzmlə çalışırdı. Həmdə ruhu ona görə şaddır ki, bu gün onun bizlərə miras qoyduğu varisi cənab Prezident İlham Əliyev ümümmilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirir.
Azərbaycan müasir dövlət xadimi cənab Prezident İlham Əliyevin liderliyində 200 illik problemi həll etdi. Şanlı bayrağımız bu gün Xankəndidə, Xocalıda. Əsgəranda, Ağdərədə dalğalanır. Bu Azərbaycanın regionda yaratdığı yeni bir reallıqdır. Bununla da tarixi ədalət bərpa edilərək bütün ərazi bütövlüyümüz və süverenliyimiz tam təmin edildi.
Artıq Azərbaycan öz istəyinə nail olub, xalqımızın arzuları çin olub. Azərbaycan xalqı bundan sonra əzəli yurdunda əbədi yaşayacaq.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı


























