“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Finlandiyaya araşdırma səfəri başlamışdır.
Səfər çərçivəsində Birliyin İdarə heyətinin sədri Seymur Həsənov və layihə rəhbəri Elmira Fərzəliyeva Finlandiyada Helsinki və Tampere şəhər bələdiyyələri ilə görüşlər keçirmiş, süni intellektin idarətemədə tətbiqi ilə bağlı hüquqi, texniki, sistem və maarifləndirmə aspektlərini müzakirə etmişdir.
Görüşlərdə ilkin olaraq, Birlik tərəfindən ölkəmizdə innovasiya sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verilmiş, rəqəmsal həllərin tətbiqi ilə idarəetmədə şəffaflığın təmin edilməsinə xidmət edən “ASAN xidmət” modeli, Elektron Hökumət Portalı, Mobil Notariat sistemi, Elektron məhkəmə, Elektron icra sistemləri, Əmək və Məşğulluq altsistemi və elektron kredit tarixçəsi portalı olan “Findoc.az” platformaları təqdim olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikasının Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət çəkilmiş, bu sahə ilə yanaşı Süni intellektlə əlaqədar müasir çağırışların təhlil və koordinasiyasına məsul qurum olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin fəaliyyəti xüsusi vurğulanmışdır. Eyni zamanda, rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili və əlaqələndirilməsi, habelə innovasiya yönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti barədə məlumat verilmişdir.
Helsinki və Tampere şəhər bələdiyyələrində keçirilmiş görüşlərdə süni intellekt və alqoritmlər yolu ilə dövlət və bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi, insanların rifah halının yaxşılaşdırılması, həmçinin innovativ yanaşmalardan istifadə etməklə biznes və startap ekosisteminin inkişafına dəstək sahəsində görülmüş işləri əhatə edən yerli təcrübə öyrənilmişdir.

Tampere şəhər bələdiyyəsinin Rəqəmsal Transformasiya departamentinin direktoru Aleksi Kopponen və İnkişaf üzrə direktoru Sanni Pöntinen tərəfindən bələdiyyə tərəfindən hazırda həyata keçirilən innovativ layihələr və bu layihələrin idarəetmənin şəffaflaşdırılmasına, eyni zamanda şəhər sakinlərinin gündəlik həyatının rahatlaşdırılmasına verdiyi töhfələr barədə ətraflı məlumat verilmişdir.
Helsinki şəhər bələdiyyəsinin Startaplara dəstək qrupunun layihə rəhbəri Teem Seppala ilə keçirilən görüşdə ölkədə müvafiq sahə üzrə həyata keçirilən startap layihələr, ölkə və bələdiyyələrin startaplara verdiyi texniki və konsultasiya dəstəyi, xüsusilə innovasiya sahəsində həyata keçirilən startap layihələrin təşviq edilməsi mexanizmləri barədə məlumat verilmişdir. Əlavə olaraq, bələdiyyənin məlumat bazası əsasında xüsusi alqoritmlərdən istifadə etməklə həyata keçirilən və gələcəkdə istifadə potensialı olan tətbiqlər və həllər ətrafında fikir mübadiləsi aparılmışdır.
Layihə çərçivəsində Birlik nümayəndələrinin araşdırma səfəri və səfər çərçivəsində layihə subyekti olan təşkilatlarla görüşlər davam etdirilir.


























