Təşəbbüs Suraxanı rayonu bir qrup gənci tərəfindən Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və YUVA Humanitar Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Danışın, Qızlar” adlı layihənin bir hissəsidir. Layihənin əsas məqsədi gənc qadın və qızların səlahiyətlərin genişləndirilməsi və cəmiyyətdə gender və qadın hüquqları ilə bağlı ictimai qavrayış və anlayışın dəyişməsidir.
Aksiyanın ideyası sadə, lakin çox aktual idi: gəncləri səfərbər etmək və Qaraçuxur kəndindəki Bülbülə gölü yaxınlığında ərazinin təmizlənməsini təşkil etmək.
Suraxanı rayon İcra Hakimiyyətindən təsdiq aldıqdan sonra müəyyən olunmuş yerdə toplanan 30-yə yaxın məktəbli, müəllim və mərkəzin könüllüləri əlcək və zibil torbaları ilə silahlanaraq, fəal şəkildə işə başladılar.
Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri cənab Ceyms Şarp və səfirliyin əməkdaşları aksiya iştirakçılarına dəstək olmaq üçün gəldilər və ərazilərin təmizlənməsində fəal iştirak etdilər.
“Kəndimizi təmiz və gözəl görmək istəyirik. Bir gün burada boş vaxtımızı keçirə biləcəyimiz bir parkın olacağını xəyal edirik. Birinin bizim üçün edəcəyini gözləməməyə qərar verdik və təşəbbüsü özümüz göstərdik. Bugünkü fəaliyyətimizlə kənd əhalisinə rayonumuzun abadlaşdırılması məsələsində aktiv vətəndaş mövqe nümunəsi vermək istəyirik. Xüsusilə məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qızlar bu tədbirin əsas təşəbbüskarları və təşkilatçıları idi. Bu yegənə tədbirimiz deyil. Biz, bu rayonun sakinlıri olan bir qrup qız, müxtəlif format və məzmunda olan səkkizdən çox tədbir keçirtdik. Pandemiya səbəbindən fəaliyyətlərin əhəmiyyətli hissəsi onlayn şəkildə həyata keçirildi, lakin bu bir maneə olmadı. Onlayn format görüşlərimizə daha çox iştirakçı cəlb etməyə imkan verdi”, – Səbinə Məmmədova dedi.