image-img-20230511-wa0099backend

Şuşa Zəfərimizin rəmzidir

image-reklam_sirab_01

İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanın tarixi uğuru və tarixi Zəfəridir. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində qazanılan Qələbə sayəsində torpaqlarımız geri alınıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Qələbə tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. Bu böyük Zəfər nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Müzəffər Ali Baş Komandanımızın təbirincə desək, daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın edilib. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv edilib. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib.

Hər zaman müxtəlif layihələrdə dünya ölkələri arasında öz imicini qoruyub saxlamağı bacaran dövlətimiz bu savaşda həm də hərb sahəsində əldə etdiyi uğurla öyünə bilər. Bu müharibə bizə həmçinin dost və qardaş ölkələrlə yanaşı, haqq mübarizəmizə qarşı çıxan, uğurumuza sevinməyən dövlətlərin olduğunu ortaya qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe, məğlubedilməz sərkərdəlik qabiliyyəti xalqımıza böyük sevinc və qürur hissi bəxş edib. Qazanılan Qələbə ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, sarsılmaz birliyinin və vəhdətinin bariz nümunəsidir.
Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Bunu may ayının 10-da ölkə başçısı cənab İlham Əliyev Şuşa şəhərində xalqımıza müraciətində xesisi qeyd edib. Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri yeniliklərlə müşahidə olunur. Yeni-yeni obyektlərin təməli qoyulur, tikinti – quruculuq işləri yüksək sürətlə davam etdirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri onu göstərir ki, dövlətimizin başçısı işğaldan azad edilən ərazilərimizdə aparılan bütün proseslərə ciddi nəzarət edir, mütəmadi olaraq verdiyi tapşırıqların icrasını yoxlayır, lazımi tövsiyələrini verir.
Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb. Bir il ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir.
Ali Baş Komandanın qeyd etdiyi kimi, “necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik”
Yeni əməkdaşlıq platformasını gündəmə gətirən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələrinin də faydalanacağı, həm də bölgədə sülhün formalaşması baxımından çox vacibdir. Bu gün postmüharibə dövrü region ölkələrinin əməkdaşlıq, qarşılıqlı ticarət və kommunikasiya əlaqələrinin açılması üçün yeni imkanlar yaradıb. Bu dəhlizin açılmasını kommunikasiyaların bərpasının bir elementi kimi də adlandırmaq olar. Hazırda Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində fəal addımlar atılır. Bunun sayəsində bölgədə yeni geoiqtisadi əməkdaşlıq imkanları daha da dərinləşir.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki