image-binelibackend

Tahir Budaqov ilə Binəli Yıldırım arasında görüş olub

image-reklam_sirab_01

Ankarada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım arasında görüş keçirilib.

AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım bu çətin günlərdə dost və qardaş dəstəyi göstərən Azərbaycan dövlətinə və xalqına, eləcə də Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirib. Zəlzələdən sonra Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi olduğunu vurğulayan Binəli Yıldırım Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyinin, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmalarının mühüm əhəmiyyətə malik olduğunu və təqdirlə qarşılandığını qeyd edib. “Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin ölkəmizə səfərinin böyük mənəvi-siyasi önəmi var. Bu, hər şeydən öncə, dost və qardaş dəstəyidir” ,- deyən Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələdən dərhal sonra göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi minnətdarlıq ifadə etdiyini xatırladıb. O bildirib ki, qüdrətli Türkiyə dövləti xalqın və dostlarının dəstəyi ilə yaralarını sağaldacaq, hədəflərini gerçəkləşdirərək daha güclü dövlətə çevriləcək.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xalqımızın qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insan tələfatını öz faciəsi kimi qarşıladığını söyləyib, həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərik çıxır” ,- deyə vurğulayan Tahir Budaqov bildirib ki, Azərbaycan xalqı və dövləti faciə ilə üzləşən Türkiyəyə yardım əlini uzadaraq hər zaman qardaşının yanında olduğunu nümayiş etdirdi: “Bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq göstərişi ilə yardım məsələləri vahid mərkəzdən idarə olundu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında mühüm tədbirlər həyata keçirildi və davamlı humanitar dəstək göstərildi. Yeni Azərbaycan Partiyası da “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq öz dəstəyini ifadə etdi. Bu, bizim üçün şərəfli iş olmaqla yanaşı, qardaşlıq borcumuzdur. Çünki cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.

Tahir Budaqov vurğulayıb ki, bütün bu reallıqlar ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə əsaslanan birliyin sarsılmaz olduğunu bir daha təsdiqləyir. O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə tarixi nailiyyətlərə imza ataraq güclü və nüfuzlu dövlətə çevrilən Türkiyənin ciddi fəsadlar törətmiş zəlzələnin ağır nəticələrini tezliklə aradan qaldıracağına, Türkiyə xalqının rifahı və firavanlığı naminə milli inkişafa hədəflənən bütün planların reallaşdırılacağına inamını ifadə edib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənin, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun və Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadənin də iştirak etdiyi görüşdə YAP ilə AK Parti arasındakı münasibətlərə nəzər salınıb, əldə olunan nailiyyətlərdən və ortaq hədəflərdən bəhs edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki