image-1backend

Tanınmış şairin yeni kitabı işıq üzü gördü – FOTO

image-reklam_sirab_01

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S. Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir.

Əvvəlki kitabında olduğu kimi, bu kitabda da 44 günlük 2-ci Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan, qazilərimizin göstərdiyi rəşadətdən, canlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən 20 Yanvar və Qarabağ şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan şeirlər yer alıb.

Zəngin mənəviyyatı uca tutan şair dünyanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna biganə deyil. Onun dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Bu kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları daxil edilib.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur.

“Xatirələr qocalmır” müəllifin oxucularla yeddinci görüşüdür. İndiyə qədər
onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018), “Gedirəm…” (2020) “Məni bağışla…” (2022) kitabları işıq üzü görüb.

İnanırıq ki, şairin digər kitabları kimi “Xatirələr qocalmır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki