image-11backend

Türk dövlətləri birliyini daha da möhkəmləndirən toplantı

image-reklam_sirab_01

 

 

Noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının quruma üzv ölkələrin «Türk Əsri!» çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə iştirak edərək çıxış edib.

Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Sammitdə də türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunub. «Türk Əsri!» çağırışı altında keçirilən Sammitdə türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Dünyada və regionda baş verən siyasi və iqtisadi hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sammitdə bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktı qəbul olunaraq, Astana Sammiti Bəyannaməsi imzalanıb. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçib.

Qeyd edilməlidir ki, 2009-cu oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə qəbul olunan Bəyannamə əsasında yaradılan Türk Dövlətləri Əməkdaşlıq Şurası beynəlxalq təşkilat kimi türk dünyasının birliyinin möhkəmlənməsində önəmli inkişaf yolu keçdi. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) kimi fəaliyyətini müasir dövrün tələblərinə uyğun, geniş miqyasda davam etdirən qurum beynəlxalq əhəmiyyətli mühüm siyasi, iqtisadi, humanitar məsələlərin müakirəsində iştirak edən və fəaliyyəti dəyərləndirilən təşkilat kimi tanınır. Naxçıvan Bəyannaməsində qeyd olunduğu kimi, tarixi hadisələrin və geosiyasi dəyişiklərin tələbinə uyğun yaradılan təşkilat türk dövlətlərinin birlik platforması olmaqla qarşıya qoyulan vəzifələrin həllində sarsılmaz güc olduğunu təsdiqlədi. Bununla da böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün əlverişli imkanlar yaradır. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanadakı toplantıdakı çıxışında bildirib: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.

Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: “Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Bu  ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan Azərbaycan türk birliyinin sarsılmazlığını göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bildirib ki, “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur”.

Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

 

 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki