image-img-20230823-wa0021backend

Türk dünyasın birliyinə və həmrəyinə xidmət edən səfər

image-reklam_sirab_01

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə rəsmi səfərə gəlib. Səfərin ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Həmçinin səfər çərçivəsində Özbəkistan Prezidenti işğaldan azad edilən ərazilərə səfər edib, Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq keçirilib. Bu da qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi olmuşdur.
İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq qeyd edilməlidir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqlarının ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Liderlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Özbəkistan hər zaman keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Avqustun 22-23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri münasibətlərimizdə yeni bir səhifədir. Səfərin gündəliyi zəngindir. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri əsasdır. Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin müxtəlif sahələr üzrə inkişafında yol xəritəsi olacaq. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əlaqələrin inkişafının zəruriliyi məsələsi də səfərin gündəliyində əsas yer tutur.
Son üç ilə yaxın dövrün qürurverici hadisələrindən biri də budur ki, işğaldan azad edilmiş ərazilərimiz mütəmadi olaraq qonaqlarını qarşılayır. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərindən bəhs edərkən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdir. Avqustun 23-də Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri, Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının açılışında iştirakı qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Atılan hər bir addım münasibətlərin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Türk dövlətləri arasında əlaqələrin inkişafı ümumilikdə türk dünyasının həmrəyliyinə xidmət edir.
Günümüzün əsas reallığı budur ki, türk dünyası birdir, həmrəydir. Bunu türk dövlətlərinin başçılarının qarşılıqlı səfərləri, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan çoxsaylı sənədlərin imzalanması da təsdiqləyir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki