image-reklam-veteninfo
image-img-20230823-wa0020backend

Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verən əməkdaşlıq

image-reklam-veteninfo

Şavkat Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçilməsindən sonra ilk xarici səfərini avqustun 22-də Azərbaycana edib. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Səfərin ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq qeyd edilməlidir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqlarının ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə təməli qoyulan Azərbaycan-Özbəkistan əlaqələrinin XXI əsrin ilk onilliyində dinamik müstəviyə çıxması heç də təsadüf sayıla bilməz. Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur.
Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki