Sabah Türkiyədə seçkilər günüdür. Son onilliklər ərzində daxili siyasi mübarizənin ən kəskin olduğu bir şəraitdə keçirilən seçkilər bütün dünyada maraqla izlənilir. Təbii olaraq qardaş ölkədə baş verən hadisələri mütəmadi şəkildə yaxından izləməklə bərabər Türk Dövlətləri Təşkilatının Müşahidəçilik missiyasının üzvü kimi də seçki öncəsi vəziyyəti yerində izləmək imkanımız oldu. Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi səfir Ayşe Sözen, İstanbul Valisi Ali Yerlikaya və İstanbul şəhər Seçki Komitəsinin başqanı Ramazan Seçkinlə görüşlərimiz dövlət qurumları tərəfindən bu seçkilərə hazırlığın ən yüksək səviyyədə həyata keçirildiyini və seçkilərin Türkiyə dövləti üçün demokratiya və ədalət barometri olduğunu bir daha təsdiq etdi. Hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı aparıcı müxalifət partiyası olan Xalq Cümhuriyyət Partiyasının, eləcə də İYİ Partiyanın İstanbulda yerləşən mənzil-qərargahlarında keçirdiyimiz görüşlər seçkiöncəsi siyasi atmosferi müəyyən dərəcədə dəyərləndirmək imkanı verdi. Türkiyə siyasi analitiklərinin şərhləri də bu seçkilərə öngörü sərgiləmək üçün müəyyən bilgilər verir. Keçirdiyimiz görüşlərdən hakim partiyanın öz qələbəsinə inamlı olduğunu sezməmək mümkün deyildi. Seçki öncəsi təbliğat-təşviqat tədbirlərinin də yüksək səviyyədə aparılması və uğurla başa çatmaqda olması belə bir optimizm üçün əsas yaradır. Xalq Cümhuriyyət Partiyasının təmsilçiləri ilə görüşümüzdə müşahidəçilər tərəfindən verilən suallara birmənalı cavab verməkdə çətinlik çəkdikləri, etiraf edilməsə də kampaniya zamanı buraxılan səhvlərin dərk edildiyi və buradan da inamsızlıq və məğlubiyyət ruhunda olduqları diqqətdən yayınmadı. İYİ partiyanın təmsilçiləri ilə görüşdən isə partiyanın öz çəkisinə müvafiq şəkildə uğur qazana biləcəyinə ümid etdiyi qənaətinə gəlmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
Deputat qeyd edib ki, bütövlükdə seçkiöncəsi təbliğat-təşviqat mərhələsi bütün ölkələrdə olduğu kimi, Türkiyədə də sürprizlərsiz ötüşmədi. Müxalifət partiyası tərəfindən Rusiyanın seçkilərə mümkün müdaxiləsi haqqında bəyanat, eləcə də seçkilərə 3 gün qalmış Məmləkət Partiyasının lideri Mühərrəm İncənin heç bir izah vermədən prezidentliyə namizədliyini geri götürməsi yerli mətbuatda çoxsaylı və ziddiyyətli yorumların yer almasına və seçicilər arasında təsdiqi və ya inkarı olmayan şübhələrin yayılmasına səbəb oldu. Dünən hər iki siyasi düşərgənin son seçki mitinqləri baş tutdu. Bu gün isə Türkiyədə sükut günüdür.
Aparılan ümumiləşdirmələr onu göstərir ki, Prezident Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası seçkilər ərəfəsində özünü daha inamlı hiss edir. Bunun üçün kifayət qədər əsaslar var. 1960-cı illərdən başlayaraq 2002-ci ilədək davamlı hökumət dəyişiklikləri və tez-tez əldən ələ keçən hökumətlərin səbatsız siyasətləri Türkiyə iqtisadiyyatının inkişaf meyillərini əhəmiyyətli dərəcədə təsirləndirmiş və ildən-ilə artan inflyasiya dalğaları Türkiyəni asılı iqtisadiyyat ölkəsinə çevirmişdi. İqtisadi dayaqların olmadığı bir ölkədə müstəqil siyasət yeritməyin mümkün olmadığı isə aksiomadır. Odur ki, uzun illər ərzində Türkiyə Qərbin diktə etdiyi siyasi addımları reallaşdıran və bunun müqabilində ölkənin inkişaf etdirilməsi üçün heç bir preferensiya almağa nail olmayan yedək dövlətə çevrilməkdə idi. Bütün bunlar azmış kimi, sözdə müttəfiqlər tərəfindən əl altından Türkiyəyə qarşı terror təzyiqlərinin dayanmadan davam etdirilməsi Türkiyənin böyük siyasət səhnəsindən sıxışdırılıb çıxarılması, regional və beynəlxalq siyasətdə Türkiyənin iştirakının və rolunun sıfıra endirilməsi ilə nəticələnmişdi.
C.Feyziyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi Türkiyənin dünya siyasi səhnəsinə fərqli bir simada çıxışına yol açdı. Daxili potensialı hərəkətə gətirməklə iqtisadi sabitliyin təmin edilməsi, insan haqları və demokratiya prinsiplərinin tam şəkildə təmin edilməsi, ölkə idarəçiliyində qanunçuluğun möhkəmləndirilməsi Türkiyənin regional və beynəlxalq səviyyədə çəkisini əhəmiyyətli dərəcədə artırdı. R.T.Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının 20 illik hakimiyyəti dövründə Türkiyə güc mərkəzlərinin təlimatları ilə davranan dövlətdən dünya miqyasında öz milli maraqlarına xidmət edən müstəqil xarici siyasət yürüdən güclü bir siyasi güc mərkəzinə çevrildi. Ərdoğanın siyasi müdrikliyi Türkiyəyə Qərblə Şərq arasında seçim etmək məcburiyyətindən yaxa qurtarmaq və həm daxildə, həm də xaricdə öz milli maraqlar siyasətini həyata keçirmək imkanı qazandırdı. Türkiyə kimi mühüm geostrateji mövqe sahibinin belə cəsarətli yola çıxması Rəcəb Tayyib Ərdoğanın şəxsi xarizmasından, öz xalqına və apardığı siyasətə dərin inamından doğurdu.
“İyirmiillik uğurlu siyasi kursun nəticələri bu gün Türkiyəni dünya siyasətinin ön cərgələrinə daşıyıb. R.T.Ərdoğan hakimiyyəti Türkiyə dövlətinə qarşı təhdidlərin kökünü kəsmək istiqamətində apardığı israrlı mübarizə nəticəsində beynəlxalq səviyyədə Türkiyəyə qarşı hörülmüş terror torunu darmadağın etdi. Türkiyə ABŞ, Fransa, Yunanıstan kimi NATO üzvlərinin, eləcə də Rusiyanın dünyanın müxtəlif bölgələrində apardığı pozuculuq fəaliyyətinin qarşısına inamla çıxdı, Yaxın Şərqdə və Cənubi Qafqazda siyasi sabitliyin bərqərar olunmasında mühüm rol oynadı. Ən başlıcası isə Türkiyə öz milli maraqlarını beynəlxalq siyasət müstəvisində cəsarətli bir şəkildə ortaya qoymağa nail oldu və beynəlxalq güc mərkəzlərini bu maraqlarla hesablaşmağa məcbur etdi. Türkiyə, sözün əsl mənasında, dünyada söz sahiblərindən birinə çevrildi. Bütün bunların ölkə daxilində aparılan siyasətlə birbaşa bağlılığı və tamamlanması Türkiyəni dünyanın 20 ən böyük iqtisadiyyatından birinə çevirdi. Türkiyənin iqtisadi, sosial, təhsil, səhiyyə, hərbi sənaye, kənd təsərrüfatı sahələrində sürətli inkişafı cəmiyyətin inkişaf indeksini əhəmiyyətli dərəcədə artırdı”, – deyən deputat vurğulayıb ki, AKP – MHP birliyinin simasında Türkiyə vətəndaşı öz əmin-amanlığının etibarlı təminatını əldə etdi, modern həyat tərzinə və ləyaqətli həyat şəraitinə qovuşdu. Keçən 20 il ərzində Ədalət və İnkişaf Partiyası R. T. Ərdoğanın rəhbərliyi altında böyük əzmlə, fədakarlıqla və məsuliyyətlə xalqın taleyi üçün ən faydalı olanı etdi. Partiya liderinin özünün dediyi kimi, “… 100 ilin işini 20 il ərzində gördü”.
“Bu gün Türkiyə Cümhuriyyətinin 100-cü ilində, çağdaş tarixinin ən məsuliyyətli dönəmlərindən birində Türkiyə öz gələcəyini seçmək ərəfəsindədir. Bu gələcək sabah sandıqlardan çıxacaq səslərin sayı ilə müəyyən ediləcək. Məhz bu səslər gözlənilən nəticələrlə bağlı xarici dövlətlərin, müxtəlif siyasiyönümlü şərhçilərin və təbliğatçıların açıqladığı ehtimallardan fərqli olaraq, türk vətəndaşının ədalət və minnətdarlıq hissinin dəqiq ölçü meyarı olacaq. Ədalət və minnətdarlıq borcu isə Türkiyə vətəndaşındadır. Türkiyə vətəndaşının öz minnətdarlıq borcunu ləyaqətlə qaytaracağına və R. T. Ərdoğana böyük etimad nümayiş etdirəcəyinə inamla sabahkı seçkilərin qardaş Türkiyə, həmçinin bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram”, – deyə o qeyd edib.