Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində rayonda narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs tutuldu.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramil İsrayılov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsində quraşdırılmış istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar edilib. Dindirilmə zamanı R.İsrayılov çətənə bitkilərini iyul ayının əvvəlində əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.