Noyabrın 7-də Azərbaycanda yaşayan azsaylı xalqlarla əməkdaşlıq edən “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş jurnalının təqdimat mərasimi keçirilib.
Tədbirdə təşkilatın üzvləri, müxtəlif peşə sahibləri, azsaylı xalqların və etnik qrupların nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən İctimai Birliyin rəhbəri Elmira Məhəddinli deyib ki, İordaniyada səfəri zamanı keçirdiyi görüşlərdə həmin ölkədə Ulu Öndərə yüksək hörmət və ehtiramın olduğunun şahidi olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, azərbaycanlılar dünyanın bir çox ölkələrində aktiv fəaliyyət göstərir və ölkəmizin adını bütün sahələrdə daim uca tutmaq üçün səylərini əsirgəmirlər.
Sonra çıxış edən Kanada-Azərbaycan Assosiasiyasının Prezidenti Esmira Əsədova deyib ki, “Heydər Əliyev İli”ndə Ulu Öndərlə bağlı tədbirlər yüksək səviyyədə keçirilir. Daha sonra o, Ulu Öndərin ABŞ-da səfərdə olarkən onunla görüşündən xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Kanadada yaşayan həmvətənlərimizin fəaliyyəti barədə məlumat verib.
Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Ulu Öndər Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin sayəsində hazırda Azərbaycan bütün dünyada tanınır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Qeyd edək ki, 104 səhifədən ibarət jurnalda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkilatın ölkəmizdə və xaricdə keçirdiyi tədbirlərlə bağlı informasiyalar dərc olunub.