image-img-20230427-wa0000backend

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

image-reklam_sirab_01

Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Ana dili milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu, coğrafi mənzərəsini hifz edib saxlayır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, yüksək dövlət səviyyəsində aparılan müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı.
1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.
1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış Ümummilli Lider Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki