Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin zəngin və mənalı həyatından, siyasi fəaliyyətindən və dövlətçilik məfkurəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov xalqımızın tarixi taleyində misilsiz yer tutan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin əhəmiyyətindən söz açaraq bildirib ki, dünya şöhrətli siyasi xadimin hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.
Digər natiqlər, rayon ictimaiyyətinin seçilən nümayəndələri, Zəlimxan və Tatlı kənd tam orta məktəblərinin direktorları Qalib Cəfərov və Fəridə Həsənova da geniş məruzələrlə çıxış edərək qeyd ediblər ki,1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir.
Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.