image-reklam-veteninfo
image-img-20231219-wa0026backend

“Unutmağı unutmaq…’

image-reklam-veteninfo

Bilirsənmi, nə gözəl unuduram adamı?
Adını, soyadını, yerini unuduram.
Kədərini, dərdini, sərini unuduram..
Ağlımda ondan qalan ən kiçik xatirəni,Hər gecə oğrun- oğrun xəyalıma gələni,Cavabsız suallarla qəlbimə düşmən kimi, Əli sopalı gəlib yaddaşımı dələni, Sakitcə unuduram…

 

Unuduram nə varsa…Gözündən güldüyünü
Kirpiyindən ox salıb qəlbimə köçdüyünü.
Hər gün ,hər an get-gedə
Səssizcə öldüyümü…
Elə unudaram ki…

Öz əlimlə özümə məkan sanıb, yurd sanıb,
Sən demə sevda adlı məzarı qazdığımı.
Hər sabah bir kəlmənlə cənnətinə oyanıb,
Sarvansız yolçu kimi yollarda azdığımı.
Səssizcə unudaram.
Üsyanım da yox olar,
Taleyimlə barışıb sabahıma baxaram,
Hər səhər açılanda yol gözləyən gözümü
Yollarından yığaram,
Bu cahana sığmaram, öz içimə sığaram…
Sənsiz keçən hər anım bir əsrdən çox olar..

Mən belə unuduram gözlərimdən itəni,
Ümidləri bitəni.
Qəlbimdə məskən salıb sonra məndən gedəni.
Hər nəğmə bir xatirə, hər xatirə bir sətir,
Gözlərim bulud olur, göz qapaqlarım çətir.
Unuduram beləcə yavaş- yavaş mən səni,
Nə üzün yada düşür,
nə qapqara gözlərin,
Nə də məni qələmə möhtac edən sözlərin.
Ürəyim də göynəmir, yola baxmıram daha,
Dualarım da yoxdur, sənlə gələn sabaha.
Silinir xatirimdən yavaş- yavaş izlərin,
Yalvarmıram hər gecə, ağlayaraq Allaha..
Yuxularım düzəlib, elə şirin yatıram,
Baxışlarım əzablı, ruhum da üzgün deyil.
Bu əzabın yükünü üzərimdən atıram,
Daha o baxış yoxdur, gözüm də süzgün deyil.
Unuduram hər şeyi, səndən gələn nə varsa,
Yox oluram, bu yalan mənim sonum olacaq.
Sənin olan bu qəlbim səni də unudarsa,
Demək ki, bu dünyada təkcə adım qalacaq.
Səni unuda bilsəm, sənsiz yaşaya bilsəm,
İstəmirəm o ömrü, yüz il gərəyim deyil.
Sevdanı bircə anlıq əgər könlümdən silsəm,
Sən olmayan o qəlb də mənim ürəyim deyil.
Görürsənmi, nə gözəl “unuduram” adamı?!
Öz- özümlə danışıb, göz yaşıyla deyirəm:
Zalım oğlu, nə gözəl unudursan adamı???

Gülər Mübariz




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki