image-02-4backend

Vətən Müharibəsi şəhidləri və qurbanlarının xatirəsi dövlət səviyyəsində yad edildi!

image-reklam_sirab_01

 

27 Sentyabr 2020-ci il hər bir azərbaycanlının yaddaşında silinməz iz buraxmışdır. Bu tarix Azərbaycan xalqı üçün müqəddəs bir rəmzə çevrilmişdir. Vətən Müharibəsi qəhrəmanlarının əziz və müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən bu gün Vətən Müharibəsi qəhrəmanlarının  Anım Günü olaraq tarixə qeyd olunub. Bir il öncə olduğu kimi bu gün yenidən xalq öz şəhidləri üçün birləşdi. Dinindən, dilindən, irqindən asılı olmadan xalqımızın hər bir fərdi şəhidlər üçün bir araya gəldi. Dünya bir daha tolerantlığın və vəhdətin şahidi oldu.

Xalqa müraciət edən Prezidentimiz Zəfəri öz qanları və canları bahasına qazanan, xalqımızın illərdir qəlbində daşıdığı niskili, yükü aradan qaldıran, müqəddəs torpaqları, əzəli və əbədi Qarabağımızı xalqına qovuşduran şəhid, qazi və müharibə veteranlarının mərdliyindən və əzmindən söz açaraq xalqımıza başsağlığı verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında qətiyyətlə bildirdi: “Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”

Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib:”Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”

Bu gün Bakı şəhərində şəhid hərbiçilərimizin və düşmən təxribatına qurban olan dinc əhalinin xatirəsinin yad edilməsi məqsədi ilə yürüş təşkil edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva , 3000 nəfər kursant, hərbiçi yürüşdə iştirak ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı qəhrəmanlıqla şəhidlik mərtəbəsinə ucalan igid vətən oğullarının və qızlarının, düşmənin amansızcasına ağır artilleriyadan atəşə tutduğu ərazilərdə yaşayan və həlak olan vətəndaşların fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyindən doğan gücü və sarsılmazlığını, nümayiş etdiriblər. Bu gün paytaxt Bakını Dəmir Yumruq ətrafında birləşənlərin ayaq səsləri bürüdü!

Həmçinin şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin təməli qoyuldu.

Bütün bunlar Azərbaycan xalqının qəhrəmanlarını unutmadığını, qəhrəmanlarının xatirəsinin dövlət səviyyəsində yad edildiyini sübut edir. Dövlətimiz tərəfindən şəhid ailələri, qazi və veteranlara göstərilən qayğı günü gündən artmaqdadır. Azərbaycan xalqı qədirbilən xalqdır, Azərbaycan şəhidləri isə ölməz  əbədiyaşardır!

Şəmilova Dünya Mərdan

Nəsimi Rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki