Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
“Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır. Bu kanat yolu Xankəndi şəhər mərkəzi ilə Şuşa şəhər mərkəzini birləşdiriləcək və hardasa ümumi səfər zamanı 12 dəqiqədən çox olmayacaq”, – o bildirib.
Qeyd edək ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.//Trend


























