image-ramile-quliyevabackend

YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır

image-reklam_sirab_01

 

 

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı ölkəmizin ictimai- siyasi həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə dəyərli töhfələr verib.

Dahi lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir. Həmin il Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının nailiyyəti idi. 2003-cü ildən sonra keçirilən bütün seçkilərin qalibi olan İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, uğurudur.  Xüsusilə qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan YAP-ın bütün seçkilərdə mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir seçki Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirib. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabaha doğru inamla irəliləyən Azərbaycana səs verib.

Bu baxımdan YAP-ın VII qurultayının keçirilməsi də cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklərin əksi idi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”

Şəhidlərin adlarının əbədiləşdirilməsi və hərbiçilərimizin qəhrəmanlığının unudulmaması istiqamətində də YAP çox böyük işlər görmüşdür.

Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər;

Hakim partiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur.

YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzala­nıb. 2022-ci ilin mayın 10-da Makedoniya Türk Demokratik Partiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır;

YAP- ın fəaliyyətinin əsas istiqamətlərindən biri də humanitar fəaliyyətidir. 2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür;

Qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım. Təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

 

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir.

Strateji fəaliyyət istiqamətlərini müəyyən edən Proqram. Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və  Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.

 

Ramilə Quliyeva

Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının

Azərbaycan dili və ədəbiyyat müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki