Artıq bir neçə gündür ki, paytaxtın Yasamal rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi üzrə layihənin icrasına start verilib. Bununla Yasamal rayonu da Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi layihəyə qoşulmuş oldu.
Artıq Yasamal rayonu boyunca 460 ədəd konteyner meydançası yaradılıb və ora yaşıl və narıncı rənglərdə konteynerlər quraşdırılıb. Yaşıl konteyner qarışıq tullantılar üçün, narıncı konteyner isə şüşə,plastik, metal və karton tullantılar üçün nəzərdə tutulub.
Layihənin mühüm məqamlarından olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.
Həyata keçirilən layhənin məqsədi şəhərimizin təmiz saxlanılmasını, ətraf mühitin qorunmasını və tullantıların vaxtında daşınmasını təmin etməkdir. Layihə barədə vətəndaşların məlumatlandırılması məqsədilə yerli sakinlərlə görüşlər keçirilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylanılır.
Yasamal rayon İcra Hakimiyyəti rayon sakinlərini bu layihədə fəal iştirak etməyə çağırır.