image-fb_img_1638276586988backend

Yeni Avrasiya kiminlə və necə qurulur?

image-reklam_sirab_01

Dünyanın bu yarısının hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə? Yoxsa hər ikisi?

Bu suala cavab axtarmağa çalışacam. Təkcə bu suala da yox…

Türk Şurası öz tarixi İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatına çevrildi. Türkmənistan da müşahidəçi statusu ilə olsa da, Təşkilata qoşuldu; Türkiyə Prezidentinin sözləri ilə desək, “ailə tablomuz tam oldu”.

Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirinin gözlənildiyindən də sürətlə yayılması ağıllarda belə bir sual oyadır: Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!

Ancaq məsələnin bu cür qoyuluşu bəri başdan antoqonizmi, geopolitik rəqabəti körükləyir. Bu bölgələrdə əsrlərdir, Rusiyanın, demək olar, şəksiz və şəriksiz üstünlüyü olub. Bu regiondakı xalqlar iki imperiya dövründə Rusiyanın tərkibində, SSRİ dağıldıqdan sonra yenə də təsirində olub. Son dövrlərdə bu təsir müəyyən qədər zəifləyib; Rusiya Gürcüstanı əsasən, Ermənistanı qismən ABŞ-a uduzub. Gürcüstanda və Azərbaycanda Türkiyə təsirinin artmasına qarşı durmaq imkanı olmayıb. Bəlkə də bəzi məqamlarda buna özü də razı olub – “ABŞ və Avropa İttifaqındansa, Türkiyə olsun, dil taparıq” düşüncəsi ilə. Eyni şey Mərkəzi Asiya regionunda da baş verir; Türkiyə ora daxil olur. Xüsusilə, Özbəkistana. Burda da ola bilsin, Rusiya eyni səbəblərdən “səbrli” yanaşma göstərir: əvvəla, Cənubi Qafqazı olduğu kimi, Mərkəzi Asiyanı da öz nəzarətində saxlamaq üçün siyasi və iqtisadi resursları çatmır – ona görə düşünə bilər ki, Mərkəzi Asiyaya Çinin gəlişini Türkiyənin öncüllüyündə türk faktoru neytrallaşdıra bilər. İkincisi, düşünür ki, ABŞ fundamental “islamçı” şəbəkəsini Troya atı kimi istifadə edərək Əfqanıstandan Mərkəzi Asiyaya, oradan da Rusiyanın müsəlman xalqları yaşayan regionlarına keçər. Belə bir keçid Şimali Qafqaza, Volqaboyuna daxil olub oradan Urala və Şərqi Sibirə yayılsa, Rusiyanın sonu gələr. Bu təhlükəyə qarşı Rusiya Avrasiyanın başqa böyükləri ilə birlikdə hərəkət etmək zorundadır. Turan ordusu quruculuğuna və Çinin Tacikistanda hərbi baza yaratmasna da bu səbəbdən belə “sakit” baxır. Eyni zamanda daim güclənən və dünya liderinə çevrilməkdə olan Çin özü də Rusiya ilə “səssiz müharibə” aparır; əhali ekspansiyası ilə artıq Sibirin və Uzaq Şərqin dərinliklərinə yayılmaqdadır. Bu, Rusiyanı narahat edən əsas səbəblərdən biridir. Ona görə də Rusiya-Türkiyə tandemi başqa bir geopolitik proyektin də içindədir.

Rusiya və Belarusun timsalında Slavyan birliyi ilə Türk birliyi prosesləri yanaşı gedir. Bəlkə də bu, sonda Avropa İttifaqı modelində Avrasiya İttifaqına doğru gedəcək. İndiki Avrasiya İqtisadi İttifaqının bazasında və ya yeni formatda.

Rusiyanın və İranın əhalisinin əhəmiyyətli hissəsi türklərdir. Ancaq Azərbaycanda və Mərkəzi Asiya ölkələrində, xüsusilə, Qazaxıstanda rusdilli əhalinin böyük icmaları var. Bu günlərdə Aşqabadda Sammiti keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı da bu yeni Avrasiya İttifaqının sərhədlərini daha da geniş tuta bilər – Pakistan, gələcəkdə Əfqanıstan bəlkə burada ola bilər. “3+3” formatı da alınsa, Cənubi Qafqaz bütövlükdə bu geopolitik sistemə daxil olar.

Bəli, məhz belə bir Avrasiya İttifaqının xəyalını Rusiyada da, elə Türkiyədə də quranlar var. Çinlə Avropanın arasında yeni qlobal güc formalaşdırmaq düşüncəsi Avrasiyada çoxdan dolaşır. Bu, nə dərəcədə realistik və effektiv olacaq – orasını demək çətindir. Ancaq bu cür xəyali planlar var ən azı Rusiya ilə, ya da Rusiyasız. Amma düşünürəm ki, Avrasiyada belə bir geopolitik kombinasiya qurmaq Rusiyasız və (və ya) Türkiyəsiz mümkün deyil. Bu iki dövlət, iki etnos Avrasiya geosiyasətinin qoşa qanadıdır…

Ancaq belə bir ambisioz layihə varsa, onun qırılma nöqtəsi Ukraynadır. Bu aralıqda Donbasda hərbi kampaniyanın körüklənməsi, Rusiyanın Ukrayna ilə sərhədə 92 minlik qoşun yığması, ABŞ-ın bu slavyan ölkəsinə məhdud da olsa, hərbi kontingent göndərməsi… bunlar təsadüfə oxşamır. Eyni zamanda Türkiyə prezidentinin Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək təşəbbüsü də burdan qaynaqlanır. ABŞ Ukraynanı Rusiya ilə açıq qarşıdurmaya itələyir. Ki, Rusiya Ukraynaya lokal hərbi müdaxilə etsin. O zaman Avropanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə “inandırmaq” asan olacaq. Və, təbii ki, Amerika sanksiyaları da sərtləşəcək. Hazırda Putinin Belarus-Polşa sərhədində yaratdığı və moderatorluğunu Lukaşenkoya həvalə etdiyi “miqrant müharibəsi” də Avropaya pressinqdir ki, əsasən Almaniya, eləcə də, Fransa ABŞ diqtəsinə boyun əyməsinlər. ABŞ və Almaniya da fərqindədirlər ki, Ukraynanı əldən versələr, Rusiya dayanmayacaq; Şərqi Avropanın içərilərinə nüfuz edəcək. Bunun da ilkin mexanizmi Rusiya-Belarus ittifaqıdır ki, Ukraynanı bu İttifaq üçün qazanmaqla Putin ilkin mərhələdə Ukrayna ilə həmsərhəd olan Polşanı və Slovakiyanı Rusiya “təsir zonası”na çəkə bilər. Macarıstan artıq Türkiyə ilə unison davranır. İndilik görünən budur ki, ABŞ bu savaşı iqtisadi silahlarla, Rusiya hərblə həll etməyə meyllidir. Türkiyə isə siyasi həll variantı təklif edir; Ukrayna ilə Rusiya arasında vasitəçiliklə. Ancaq Rusiya Türkiyə vasitəçiliyinə hələ ki isti yanaşma göstərmir. Türkiyə Ukraynaya verdiyi “Bayraktar”larla Rusiyanı barışdan başqa yolu olmadığına “razı salmaq” fikrindədir. Moskvada əsas qıcıq yaradan bir səbəb budur. Eyni zamanda Krım. Rusiya ilə Türkiyənin Ukrayna masasında Krım kartı var – Türkiyə Krımı Ukraynada görür. Elə Krım türkləri də. Krım Ukraynaya qaytarılsa (ki, real görünmür indilik), o zaman Türkiyə Krıma Ukrayna tərkibində daha geniş muxtar status istəyəcək. Ən azı Krımın Ukrayna və Rusiya arasında bölünməsi ideyası da ortaya çıxar. Rusiyaya isə Krım bütöv gərəkdir. Bundan başqa hətta bu barışıq olsa – Rusiya ilə Ukraynanı Türkiyə barışdırsa, istər Şərqi Avropada, istərsə, bütövlükdə Avrasiyada Türkiyənin nüfuz və təsiri daha da artar. Bu da Rusiyaya hətta Türkiyə ilə birlikdə yeni Avrasiya qurmaq baxımından da sərfəli deyil; Moskva istənilən halda Türkiyənin çox da önə keçməsini istəməz və bacardıqca, imkan verməyəcək.

Bahəddin Həzi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki