Bu gün, 20 may saat 07:45 radələrində, təsadüfən Xəqani bağı ərazisindən keçərkən Dövlət Yol Polisi əməkdaşlarının xidməti avtomobilinin yanında bir xanımın halının pisləşdiyini gördüm.
Əraziyə yaxınlaşanda DYP əməkdaşlarının xanıma ilkin yardım göstərdiyinin şahidi oldum. Xanımın hərarəti yüksək idi, vəziyyəti getdikcə ağırlaşırdı. Həmin an polis əməkdaşları böyük məsuliyyət və fədakarlıq göstərərək onun həyatını xilas etmək üçün əllərindən gələni etdilər.
Çox qürurverici haldır ki, səhər saatlarında işlərinin çox olmasına baxmayaraq, bu əməkdaşlar bir insanın həyatını xilas etmək üçün əsl vətəndaşlıq və insanlıq nümunəsi göstərdilər.
Mən onların adlarını soruşanda isə sadəcə bunun insani borc olduğunu bildirdilər və yollarına davam etdilər. Yadımda yalnız xidməti avtomobilin nömrəsi qaldı: 99-YP-431.
Araşdırmam nəticəsində məlum oldu ki, həmin fədakar əməkdaşlar Polis baş serjantı Cavid Ələkbərov və Polis kapitanı Razi Məcidovdur.
Bir vətəndaş olaraq bu hadisəni paylaşmağı özümə borc bildim. Çünki bir insanın həyatını xilas edən bu cür fədakarlıq görməzdən gəlinməməlidir.
Fürsətdən istifadə edərək, aidiyyatı üzrə şəxslərdən bir insanın həyatını xilas edən bu fədakar əməkdaşların xidməti üçün onlara təşəkkürnamə təqdim olunmasını xahiş edirəm.
Eşq olsun Azərbaycan polisinə!
LAYİQDİRLƏR!
Hörmətlə, Mehman Davudoğlu
“24İNFO MEDİA”nın rəhbəri


























