2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə başlamışdır.
Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndləri, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bu torpaqlar Azərbaycan xalqının igid oğullarının, bizim əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qaytarıldı.
Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın Tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbəni vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu.
Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.”
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.
Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya