image-bayraqbackend

“Zəfərimiz əbədidir”

image-reklam_sirab_01

Azərbaycan xalqı özünün müasir dövlətçilik tarixinin qürurverici dövrünü yaşayır. Dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq. Ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu tarixin ən böyük hadisəsi oldu.

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Milli ordunun yaranması Azərbaycan xalqının milli dövlətçiliklə milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biridir. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş AXC cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökümətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissəsinin yaradılması Milli Silahlı Qüvvələrin formalaşdırılmasında mühüm addım idi. Bu qərar müsəlman şərqində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət-orduya çağırış haqqında fərman verildi.

Tarixi oxuduqca görürük ki, xalq olaraq itirdiklərimizin kökündə ordumuzun olmaması əsas səbəbdir. Ordumuzun olmamasının kökündə isə əsarətində olduğumuz imperiyanın siyasəti durur. Çarizm əsarətində yaşadığımız uzun müddətdə çarizmin Azərbaycan xalqına vurduğu ən böyük zərbə şübhəsiz ki, azərbaycanlıların orduya cəlb edilməməsi idi. Məhz ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək ordusu yox idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci hakimiyyəti dövründə, 1999-cu ildə isə Azərbaycan da Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bu addımların zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətili dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrin daha da modernləşdirilmiş və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.

Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyi Ermənistanın danışıqlardan yayınması münaqişənin  həll olunmasına şərait yaratmırdı. Dünyanın aparıcı dövlətləri də, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər də bu münaqişənin ancaq sülh yolu ilə həll edilməsini vacib sayırdı.

Azərbaycan sülh qapılarını hər zaman açıq saxladı. Lakin münaqişə 28 ildə həll edilmədi.

Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi əməliyyatlara başlamasına səbəb oldu. əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycan Şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə səlnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadakı bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azırbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi.

Şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz qazandılar. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı və incisi olan Şuşanın azad edilməsini gözləyirdi. Alı Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Bildiyimiz kimi “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindəndir.

Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyirdi: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq. Və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşməni məğlub etdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.

Dövlətimiz qələbənin əbədiləşdirilməsi və Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları-Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Nəzrin Sarıyeva

Azərbaycan Memarlıq və İnşaat Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki