Zəlzələnin həyət evlərinin bahalaşmasına səbəb olma ehtimalı həmişə var.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, bu ehtimalın reallığa çevrilməsi üçün zaman lazımdır.
“Düşünürəm ki, təsiri olacaq. Ən azı psixoloji cəhətdən təsir göstərəcək. Hələlik bilmirik ki, bu hadisələrin sonunda bizi nələr gözləyir, yeraltı təkanlar davam edəcəkmi, dayanacaqmı? Yəni məsələlər bundan asılıdır.
Yəni bu gün və qarşıdakı bir neçə gün ərzində təkanlar davam edəcəksə, insanlar başlayacaq həyət evləri ilə maraqlanmağa. Sözsüz ki, bu da qiymətlərin bahalaşmasına təsir göstərəcək”, – deyə R.Osmanlı bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.