ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçıların İsrailə 14,3 milyard dollar yardım ayrılması ilə bağlı təklif etdikləri qanun layihəsini təsdiqləyiblər. Vətəninfo.az xəbər verir ki , bu barədə “New York Post” məlumat yayıb.
Nümayəndələr Palatasının 226 üzvü qanun layihəsinin lehinə, 196-sı isə əleyhinə səs verib.
Səsvermədən sonra Nümayəndələr Palatasının sədri Mayk Conson bəyan edib ki, İsrailə yardım əsas əhəmiyyət kəsb edir və ABŞ İsrailə qarşı təhdidlərin güclü müqavimətlə qarşılanacağına dair dünyaya açıq mesaj göndərməlidir. Conson Senat və Ağ Evi cəld hərəkətə keçməyə və “Nümayəndələr Palatasının etdiyi kimi qanun layihəsini qəbul etməyə” çağırıb.
Daha əvvəl Konqresin yuxarı palatasının demokrat çoxluğunun lideri Çak Şumer Senatın respublikaçıların “dərin qüsurlu təklifini” qəbul etməyəcəyini açıqlamışdı.
Ağ Evin İnzibati və Büdcə Departamenti öz növbəsində ABŞ prezidenti Co Baydenin Konqresin hər iki palatası qanun layihəsini hazırkı formada razılaşdıracağı təqdirdə ona veto qoyacağı barədə xəbərdarlıq edib. Ağ Ev bildirib ki, qanun layihəsi “İsrail üçün pisdir, Yaxın Şərq regionu üçün pisdir və öz milli təhlükəsizliyimiz üçün pisdir”.
“The New York Post” qeyd edir ki, Bayden oktyabrın 1-də İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında müharibəni “ dayandırmağa” çağıran tədbir keçirib.


























