image-reklam-veteninfo
image-f2658b61-94d8-4888-9322-f03538fd1321-738x445backend

Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

image-reklam-veteninfo

Bakıda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı öz işinə başlayıb.

Bakı Konqres Mərkəzində keçirilən və iki gün davam edəcək beynəlxalq tədbirdə sağlamlıq, tibbi turizm və kurort-bərpa turizmi sahəsində fəaliyyət göstərən dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq ekspertlər, tibb müəssisələrinin rəhbərləri, turizm şirkətlərinin nümayəndələri və özəl sektor təmsilçiləri iştirak edirlər.

Konfransa Almaniya, Avstriya, Böyük Britaniya, Türkiyə, Macarıstan, Çexiya, Qırğızıstan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrdən nümayəndələr qatılıblar.

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin sağlamlıq və bərpa turizmi potensialının, xüsusilə Naftalan neftinin, termal və mineral sularının beynəlxalq səviyyədə tanıdılması, eləcə də ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) da konfransda və tədbir çərçivəsində təşkil olunan görüşlərdə geniş nümayəndə heyəti ilə fəal iştirak edir. Assosiasiyanın nümayəndələri Azərbaycanın sanatoriya-kurort potensialının beynəlxalq turizm bazarına inteqrasiyası, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsi istiqamətində müzakirələrə qoşulublar.

Noyabrın 4-5-də keçirilən konfrans çərçivəsində tibbi turizm, sağlamlıq (Wellness) turizmi, beynəlxalq akkreditasiya və sektorun gələcək inkişaf perspektivlərinə həsr olunmuş panel müzakirələri, biznes forumlar, seminarlar və B2B görüşlər təşkil edilir.

Tədbir proqramına Tibb Turizmi Dialoqu, Sağlamlıq Turizmi Dialoqu, beynəlxalq sağlamlıq turizmi sərgisi, biznes forum və ikitərəfli işgüzar görüşlər, eləcə də Qlobal Səhiyyə Akkreditasiyası (GHA) üzrə seminar daxildir.

Konfransda rəqəmsal tibbi həllərin tətbiqi, səhiyyə xidmətlərində beynəlxalq keyfiyyət və akkreditasiya standartları, tibbi turizm marşrutlarının inkişafı, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və Azərbaycanın regional sağlamlıq turizmi mərkəzinə çevrilməsi perspektivləri əsas müzakirə mövzularıdır.

Qeyd edək ki, belə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının dünyada tanıdılması, xarici turistlərin ölkəmizə cəlb olunması, həmçinin yerli turizm və səhiyyə sektorunun beynəlxalq əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konfrans haqqında ətraflı məlumatı health.tourism.gov.az⁠ internet portalından əldə etmək mümkündür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki