ABŞ-ın Merilend ştatında federal məhkəmə prezident Donald Trampın ölkədə sözdə “doğum turizmi”ni məhdudlaşdırmağa yönəlmiş fərmanının icrasını müvəqqəti olaraq dayandırıb.
Vətəninfo.az xəbər verir ki, Federal rayon məhkəməsinin çərşənbə günü qəbul etdiyi qərara əsasən, ABŞ administrasiyası fərmanın bir sıra əsas müddəalarının həyata keçirilməsi istiqamətində hələlik hər hansı addım ata bilməz.
Trampın avqustun əvvəlində imzaladığı fərman xarici vətəndaşların uşaqlarının ABŞ vətəndaşlığı əldə etməsi məqsədilə ölkəyə gəlməsi praktikasının qarşısını almağı nəzərdə tutur.
Məhkəmənin qərarı yekun xarakter daşımır. İş üzrə araşdırma davam edir. Məhkəmə prosesi miqrantların hüquqlarını müdafiə edən təşkilatların qaldırdığı iddia əsasında başlayıb.
Merilend federal məhkəməsi hesab edib ki, Trampın yeni fərmanı ABŞ Ali Məhkəməsinin daha əvvəl qəbul etdiyi qərarla ziddiyyət təşkil edir.
Qeyd edək ki, iyun ayında ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının doğum yolu ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırmağa yönəlmiş başqa bir fərmanı ilə bağlı qərar qəbul edib.
Tramp həmin fərmanı 20 yanvar 2025-ci ildə prezident kimi and içdikdən sonra imzalamışdı. Sənəddə ABŞ dövlət qurumlarına müəyyən hallarda ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməməsi tapşırılırdı.
Fərmana əsasən, valideynləri ABŞ-da qanunsuz yaşayan uşaqlar, eləcə də anası ölkəyə müvəqqəti əsaslarla – məsələn, vizasız rejim, təhsil, iş və ya turist vizası ilə daxil olan və atası ABŞ vətəndaşı və ya ölkədə daimi yaşayış statusuna malik olmayan uşaqlar vətəndaşlıqdan məhrum edilə bilərdi.
ABŞ-da doğum yolu ilə vətəndaşlığın hüquqi əsası
ABŞ-da doğum yolu ilə vətəndaşlıq prinsipi Vətəndaş müharibəsindən sonra, 1868-ci ildə Konstitusiyaya qəbul edilmiş 14-cü düzəlişlə möhkəmləndirilib.
Bu müddəa ABŞ ərazisində doğulan şəxslərin, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşlıq hüququnu təmin edir.
14-cü düzəliş 1857-ci ildə ABŞ Ali Məhkəməsinin afroamerikalıların ABŞ vətəndaşı sayıla bilməyəcəyinə dair qəbul etdiyi “Dred Scott” qərarının hüquqi nəticələrini aradan qaldıran mühüm addımlardan biri olub.


























