“ABŞ və İran arasında imzalandığı iddia edilən 14 bəndlik memorandum əslində yekun sülh sazişi deyil, yalnız çərçivə xarakterli bir razılaşma kimi qiymətləndirilir. Bu sənəd tərəflər arasında bütün problemləri həll edən bir müqavilə deyil, daha çox gələcək danışıqlar üçün gündəlik rolunu oynayan ilkin mərhələdir.”- bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Real Televiziyasının efirində bildirib.
Millət vəkili qeyd edib ki, son günlər bölgədə baş verən hadisələr — Livanda gərginlik, İsrail və Hizbullah arasında qarşıdurma xəbərləri, Hörmüz boğazının bağlanması və ya açılması ilə bağlı ziddiyyətli məlumatlar — ümumi vəziyyətin nə qədər qeyri-sabit olduğunu göstərir.
“Bu informasiyaların tez-tez dəyişməsi və bir-birini təkzib etməsi isə müasir müharibə şəraitində informasiya savaşının bir hissəsi kimi izah edilir. Bu cür ziddiyyətli xəbərlər bəzən tərəflər tərəfindən məqsədli şəkildə yayılır ki, qarşı tərəfin planları çaşdırılsın və real niyyətlər gizlədilsin. Buna görə də, məlumatlar tək-tək yox, ümumi kontekst daxilində təhlil olunmalıdır. Memorandumun məzmununa gəldikdə isə, iddialara görə 14 bənddən yalnız ikisi hazırda qismən icra olunub: Hörmüz boğazının açılması və ABŞ tərəfindən müəyyən blokadaların yumşaldılması. Digər 12 bənd isə hələlik müzakirə mərhələsindədir və gələcək danışıqlarda razılaşdırılmalıdır.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:


























