“2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzi binasının ətrafında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən tarixi fotolardan ibarət sərgiyə tamaşa ediblər.
Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilən tədbirdən öncə Dövlət Himnimiz səslənidirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyət məsələsi ən vacib istiqamətlərdən olub və O, mədəniyyət və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir.
Digər natiqlər, Ağstafa regional Mədəniyyət idarəsinin rəisi Nürəddin Mehdiyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, İdarənin kommunikasiya meneceri Leyla Bayramova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Şükran Hüseynli “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzularında geniş məruzələrlə çıxış ediblər. Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova və ağstafalı gənc şair Rüfət Axundlu da çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyev mədəniyyətin inkişafına xüsusi qayğı göstərən, onu zənginləşdirən, ölkədə və dünyada tanıdan rəhbər idi. Onun hakimiyyəti illərində Azərbaycan xalqı dünya mədəniyyətində yaradıcı funksiyasını uğurla davam etdirirdi. Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.